• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 02.06.2015 14:16

Gəncədəki 4 dairə seçki komissiyasında seçicilərin siyahıyaalınma prosesi başa çatıb

Gəncədə fəaliyyət göstərən 4 dairə seçki komissiyasında seçicilərin siyahıyaalınma prosesi başa çatıb. Nəticələrə görə, seçicilərin sayı ötən illə müqayisədə 2685 nəfər çoxdur.

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası üzrə seçicilərin sıyahıya alınması zamanı  31 943 seçici qeydiyyata alınıb. Onlardan 51,2 faizi qadın, 48,8 faizi isə kişidir. Seçicilərin sayı isə ötən illə müqayisədə 238 nəfər çoxdur.

Faiq Hacıyev- 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin sədri: “Hal-hazırda seçici siyahıları 24 daimi məntəqə üzrə tam tərtib edilib 31 min 943 təşkil edir. Bu da Mərkəzi Seçki Komissiyasının internet saytına yerləşdirilib. Kim istəsə öz adını oradan tapa bilər”.

38 saylı Nizami ikinci (Gəncə)  seçki dairəsinin dairə seçki komissiyasında da  seçicilərin siyahıya alınması Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilib. Dairənin tərkibinə daxil olan 24 məntəqə üzrə bütün seçicilər siyahıya alınıb.

Rəfayil Xəlilov- 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri: “Qarşıdan parlament seçkiləri gəlir. Ola bilər ki, müəyyən səbələrə görə seçicinin adı siyahıda olmasın. Seçici istədiyi vaxt müvafiq seçki məntəqəsinə və yaxud da dairə seçki komissiyasına müraciət edə bilər. Ondan sonra onların seçki hüququ dərhal bərpa olar”.

39 saylı Kəpəz birinci (Gəncə)  seçki dairəsinin dairə seçki komissiyasında seçicilərin sayı ötən illə müqayisədə 1125 nəfər artıb. Bu da Gəncədə fəaliyyət göstərən digər dairələrlə müqayisədə daha çoxdur.

Elbar Əhmədov- 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin sədri: “Parlament seçkisinə demək olar ki, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlıqlara başlanılıb. Mütamadi olaraq bizə məlumatlar verilir. Biz kurslara dəvət olunacağıq, iştirak edəcəyik. Kurslardan qayıtdıqdan sonra aşağı seçki komissiyasının üzvlərinə də biz kurslar tətbiq edəcəyik”.

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasında isə 30 məntəqə üzrə  bütün seçicilərinin sayı 41 904 nəfər olub. Bu da əvvəlki ilə müqayisədə 217 nəfər çoxdur.

Urfan Nəsirov- 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin sədri: “Bu işlər məntəqələr üzrə başa çatdırılıb, hər bir məntəqədə seçki siyahısı dəqiqləşərək seçki komissiyasına təqdim olunub. Seçki siyahıları təqdim olunmağına baxmayaraq həmin seçki siyahıları üzərində parlament seçkiləri ərəfəsində yenidən işləyəcək”. 

Bildirək ki, Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən, seçicilərin siyahıya alınmasına yanvarın 1-dən başlanılıb və proses may ayında başa çatıb. 

Elnur Vahidoğlu