• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 01.06.2015 13:20

Hüququ tapdanan minlərlə azərbaycanlı balasının haqqı barədə beynəlxalq aləmdə kimsə nəsə düşünürmü?

Hər il iyunun 1-i gələndə uşaqları beynəlxalq səviyyədə müdafiə etməyin vacib olduğu yadımıza düşür. Amma deyəsən, bu barədə yalnız biz fikirləşirik. Bəs, görəsən, hüququ tapdanan minlərlə azərbaycanlı balasının haqqı barədə beynəlxalq aləmdə kimsə nəsə düşünürmü?

İlk baxışdan bu uşaqlar da qayğısız görünürlər. Onlar da digər həmyaşıdları kimi, oynayır, danışır, gülürlər. Amma məcburi köçkün sayılan bu balacalar hazırda uşaqlıq sevincini ata-baba yurdları olan Ağdamda, Kəlbəcərdə, Şuşada, Laçında və digər işğal altındakı rayonlarımızda yaşaya bilmirlər. Ermənistan onların hüquqlarını açıq şəkildə pozub.

Onlar indi xəritədə torpağında gəzə bilmədikləri Qarabağı axtarırılar. Yaddaşlarına isə  silinməz bir iz həkk olunub-Vətən həsrəti! Azərbaycanın hər bir tərəfi onlar üçün vətən sayılsa da, ata-baba yurdunda gəzib-dolaşmağın başqa ləzzətinin olduğunu deyirlər.

Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında da uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olduğu göstərilir. Lakin görünür ki, hələlik kağız üzərində qalan digər sənədlər kimi bu qanun da Uşaqların Beynəlxalq Müdafiəsi Günündə onları müdafiə etməkdə acizdir. Amma bu uşaqlar inanırlar ki, bir gün doğma torpaqlarına gedəcəklər. Bax o zaman beynəlxalq hüquq, o cümlədən də uşaqların müdafiəsi bərpa olunmuş sayılacaq.