• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 01.06.2015 13:06

Ölkədə nikahla bağlı sərt tələb

Bu gündən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi ilə bağlı tələblər qüvvəyə minir. Artıq həmin şəxslərin hansı tibb müəssisələrində müayinə olunacağı da dəqiqləşib.

İyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiyalar, İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinə olunacaqlar. Ailə qurmağa hazırlaşan hər kəs həmin siyahıdakı xəstəliklər üzrə klinik və laborator müayinələrdən keçəcək, onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər veriləcək. Bu qaydalar nikaha daxil olmaq isləyən, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil ediləcək. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər-rayon bölmələri, Respublika Perinatal Mərkəzi, regionlarda isə Mərkəzi Rayon xəstəxanaları və ya Şəhər xəstəxanalarının, Şəhər Səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, tərəfindən həyata keçiriləcək. Müayinələr pulsuz olacaq. Bu işə nəzarət həmin müəssisələrin rəhbərlərinə həvalə olunub. Əgər ailə quran tərəflərdən biri azadlıqdan məhrum edilibsə, həmin şəxsin müayinəsi və ona lazımi məsləhətlərin verilməsi cəzaçəkmə müəssisəsinin tibb xidmətinin üzərinə düşəcək. Nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinələrin nəticələri haqqında ayrı-ayrılıqda məlumat veriləcək və onlar bu barədə bir-birini məlumatlandıracaqlar. Cütlüyə onların yazılı razılıqlarına əsasən həkim məsləhəti veriləcək, lazım gələrsə, onlar tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması üzrə konsultasiya olunacaqlar. Onlara müayinələrinin cavabları ilə yanaşı, tələb olunan quruma təqdim etmək üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da təqdim ediləcək. Arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonrakı iki həftə ərzində veriləcək və sənədin etibarlılıq müddəti bir aydır.