• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1515
— 01.06.2015 12:38

Bakıdan Sumqayıta getmək istəyənlərin yolu qısalacaq

Azərbaycan İsveçrədən yeni qatarlar alıb. Qatarların 2-si artıq Bakıdadır.  

Bu qatar Bakı- Sumqayıt istiqamətində hərəkət edəcək. İkimərtəbəli qatar 4 vaqondan ibarətdir. 919 sərnişin tutumuna malikdir.

Ölkəyə gətirilən “Kiss” markalı iki yeni qatarda yüksək xidmət olacaq. Sərnişinlər wi-fi sistemi, kondisioner və digər vasitələrdən istifadə edə biləcəklər. Qatarlar Avropa oyunları zamanı xəttə buraxılacaq.

Nadir Əzməmmədov -“Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri: “Qatar Bakı sərnişin stansiyasından Koroğlu metrostansiyasına qədər qonaqları, idmançıları sərnişinləri aparıb gətirəcək. Avropa oyunlarından sonra isə yeni qatarlar Bakı-Sumqayıt istiqamətində işləyəcək”.

Bakı və Sumqayıt arasındakı məsafə 20 dəqiqə olacaq. Gediş haqqı Tarif Şurasının qərarından sonra müəyyənləşəcək. Hazırda qatarların hərəkəti üçün təmir işləri gedir. Əsaslı təmiri nəzərdə tutulan 63 km yolun 46 km-i artıq bərpa olunub.  

Nadir Əzməmmədov -“Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri: “Bu işlər Bakı sərnişin stansiyasında, Keşlədə, Xırdalanda gedir. Bundan əlavə yeni yol da çəkilməlidir. Orda da hazırlıq işləri gedir. Bu yol Bakı- Sumqayıt arasında olacaq ki, yəni birbaşa Bakı sərnişindən çıxıb Sumqayıta getmək üçün yeni yol da çəkilməlidir”.

Gələcəkdə bu qatarların Gəncə və Xaçmazda da istifadəsi planlaşdırılır. 2016-cı ildə isə daha 3 qatar gətiriləcək. Qatarların ümumi dəyəri 60-70 milyon avro civarındadır. Ödənişi 20 illik kreditlə olacaq. 

Zümrüd İbrahimova