• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3207
— 30.05.2015 17:07

Goranboyda əkilən yeni ərik sortları yüksək məhsuldarlığı ilə seçilir

KepezTV Player

Son vaxtlar havaların yağmurlu keçməsi meyvə bağlarında məhsuldarlığa təsir etsə də, goranboylu fermer Rasim Əliyev əkib-becərdiyi ağaclardan bol meyvə götürəcəyinə ümid edir. Kənd təsərrüfatı mütəxəssisinin İtaliyadan gətirdiyi ərik sortları qeyri-sabit havaya davamlı olmaqla yanaşı, yüksək məhsuldarlığı ilə də seçilir.

Uzun müddətdir bitkiçilik və bağçılıqa məşğul olan fermer Rasim Əliyev bir neçə növ meyvə ağacları yetişdirir. Mütəxəssis araşdırmalardan sonra özünə məxsus bağ sahəsində yerli sortları xaricdən gətirilən meyvə ağacları ilə əvəzləyib. Xüsusi aqrotexniki qulluq göstərilən tinglər 2 ildən sonra bar verməyə başlayıb. Fermer hər ağacdan 25 kiloqrama yaxın məhsul götürməyi planlaşdırır. Hazırda 1 hektara yaxın ərazidə yetişdirilən ərik ağacları yüksək məhsuldarlığı, görünüşü və dərildikdən sonra uzun müddət təzə qalma xüsusiyyəti ilə seçilir. Fermer məhsuldar ağacın tingliyini genişləndirmək və bölgələrə yayılmasını təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.

Rasim Əliyev- fermer: "Yerli ərik ağacları hər hektara görə, 10-15 ton məhsul verirsə, ancaq bu ağaclar yaxşı becərilərsə 1 hektarından 25-30 ton məhsul almaq olar. Yerli ərik ağacları hava şəraitindən asılı olaraq bəzən heç meyvə gətirmirlər. Ancaq bu sortlar şaxtadan, yağışdan və günəşdən asılı olmayaraq hər il bol məhsul verir. Çox effektli meyvələri olur"

Hər il payız mövsümündə budanan ağaclar eyni boyda saxlanılır. Bu da məhsuldarlığı artırmaqla yanaşı, ağacın cavan qalmasını təmin edir.

Qeyd edək ki, bu mövsümdə bazarlarda əriyin 1 kiloqramı 4-5 manata satılır.

Xaliq Qurbanlı