• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 30.05.2015 13:08

Samuxda məzunlar məktəb həyatına əlvida deyib

Samux rayonunda buraxılış sinifləri “Son zəng”in həyacanını yaşayıblar. Rəsmi şəxslərin də iştirak etdiyi bu tədbirlər maraqla izlənilib.

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 6 günlük iş qrafiki ilə fəaliyyət göstərən məktəblərdə “Son zəng” tədbirləri mayın 30-da keçirilib. Samuxda da 9 məktəbdə məzunlar üçün “Son zəng” bu gün çalınıb. Mirzə Ələkbər Sabir adına Samux şəhər 1 saylı məktəb-liseydə keçirilən mərasimdə çıxış edənlər məzunları təbrik edib, onlara müstəqil həyatda uğurlar arzulayıblar. Ötən tədris ilində 13 məzunun tələbə adını qazandığı, 2 nəfərin 600-dən yuxarı bal topladığı diqqətə çatdırılıb. Bu il məktəbi 43 nəfər bitirir. Onların əksəriyyəti ali məktəbə sənəd verib. Müəllimlər yetirmələrinin tələbə adını qazanacağı günü səbirsizliklə gözləyirlər. 

Fidail Əliyev- müəllim: “Bizim məktəbimiz rayonun ən qabaqcıl təhsil ocaqlarından biridir. Hər il bizim məktəbin lisey sinifindən ali məktəbə qəbul olanların sayı çox olur. Bu il də eyni uğurların təkrarlanacağına ümid böyükdür. Təxminən 4 şagirdin 600-dən yüksək bal toplayacağına ümid var”.

Samuxda növbəti “Son zəng” mərasimi 27 məzunu olan şəhər 2 saylı tam orta məktəbdə keçirilib. Çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından və bunun nəticəsində əldə olunan uğurlardan bəhs ediblər. Samux rayonunda son 3 ildə 15 məktəb üçün yeni binanın inşa edildiyi, bir neçə təhsil ocağının isə əsaslı təmir olunduğu vurğulanıb. Ötən il Samux şəhər 2 saylı orta məktəbin 10 məzunu tələbə adını qazanıb.

Əminə Cəfərova- Samux şəhər 2 saylı tam orta məktəbin direktoru: “Bugünkü məzunlarımızdan yüksək nailiyyətlər gözləyirik. Bir neçə aydan sonra onların səsləri ali məktəblərdən gələcək. Bununla da məktəbimizi, rayonumuzu sevindirəcəklər”.

Məzunların və birincilərin hazırladığı musiqili əyləncəli proqramlar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə tədris ili ərzində fəallıq nümayiş etdərən birincilərə tərifnamələr təqdim olunub.

Qeyd edək ki, bu il Samux rayonunda fəaliyyət göstərən 23 tam orta məktəbi ümumilikdə 539 nəfər bitirir.  9-cu sinif məzunlarının sayı isə 670 nəfərdir.

Natiq Hüseyn