• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 29.05.2015 14:03

Gəncə məktəblərində “Son zəng” çalınıb

Bu gün respublikanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirlərinin keçirilməsinə başlanılıb. Gəncədə də Təhsil Nazirliyinin imzaladığı sərəncama əsasən “Son zəng” 5 günlük iş həftəsi ilə olan məktəblərdə təşkil edilib.

Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində olan 46 orta ümumtəhsil məktəbindən 29-da “Son zəng” tədbirləri keçirilib. 17 məktəbdə isə 6 günlük iş həftəsi olduğundan tədbir sabah təşkil olunacaq. Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən, “Son zəng” məktəb daxilində  keçirilməklə 4 saat davam edib. Gəncə şəhər Təhsil İdarəsindən verilən məlumata görə, bu il 2501 nəfər 11-ci sinfi, 2984 nəfər isə 9-cu sinfi bitirərək məzun adını qazanır.

Zakir Hüseynov- Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: "Tədbirlər saat 13:00-ə qədər məktəbədə keçirilir. Bunula əlaqədar olaraq şagirdlər və valideynlər maarifləndirilib. Saat 13:00-də kütləvi tədbir sona çatdıqdan sonra məzunlar evə buraxılır. Tədbir iştirakçılarının sağlamlığını təmin etmək üçün Səhiyyə İdarəsinə məktubla müraciət etmişik və hər məktəbin qarşısında həkim briqadaları gücləndirilmiş iş rejimində çaılışır".

“Son zəng” tədbirləri zamanı şəhər ərazisində ictimai asayişin qorunması üçün polis gücləndirilmiş iş rejimində çalışır. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, bu gün yollarda təhlükəsizlik tam təmin edilib və hər hansı bir neqativ hal qeydə alınmayıb.

Xaliq Qurbanlı