• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 29.05.2015 13:58

GDU-da “Kariyerada İlk Addım - Məzun-2015” adlı əmək yarmarkası keçirilib

Gəncə Dövlət Universitetində məzunların ixtisaslarına uyğun işlə təmin olunması üçün “Kariyerada İlk Addım - Məzun-2015” adlı əmək yarmarkası keçirilib. Yarmarkada 60-dan artıq müəssisə, təşkilat, şirkət və ümumtəhsil ocaqları tərəfindən 669 boş iş yeri çıxarılmışdı. 1400-dən artıq tələbə iştirak etdiyi yarmarkanın keçirilməsində məqsəd bu ilin və əvvəlki illərin məzunu olan tələbələrin təhsil aldıqları ixtisaslara uyğun işlə təmin olunmasıdır. Əmək yarmarkası ilə yanaşı, universitet tələbələrinin əl işlərindən ibarət 100-ə yaxın rəsm əsərinin satış-sərgisi də təşkil olunub.

Elmir Bağırov- məzun: “Bu, biz gənclər və tələbələr üçün böyük bir şansdır. Biz burada ixtisasımıza uyğun peşələr seçə bilərik. Mən də artıq işləmək istədiyim banklara öz sənədlərimi vermişəm. Və inanıram ki, sənədlərim qəbul olar və məni işə dəvət edərlər”.

Türkan Məmmədova- məzun: “Təşkil olunan əmək yarmarkası tələbələri olduqca sevindirir. Və mən də təbii ki, sənədlərimi vermişəm. İnşallah gözləyirəm ki, məni işə dəvət etsinlər”.