• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3576
— 29.05.2015 12:04

Göygöldə 737 şagird məzun adını alıb

Bu il Göygöl rayonunda 737 şagird məzun adını alıb. Məktəb daxilində təşkil olunan “Son zəng” tədbirlərində iştirak edən məzunlar sevinclərini əməkdaşlarımızla bölüşüblər.

Göygöl rayonu Səməd Vurğun adına 3 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə çıxış edənlər təhsil ocağının nailiyyətlərindən bəhs ediblər. Qeyd olunub ki, ilk prezident təqaüdçüsü məhz bu məktəbin yetirməsidir. Ötən il təhsil ocağını bitirən 48 məzundan 20-si tələbə adını qazanıb. 2 nəfər 600-dən yüksək bal toplayıb. Bu il məzun olan 64 nəfərə də inam böyükdür.

Elbrus Atayev- Göygöl rayon Təhsil Şöbəsinin müdiri: “Bu gün 737 nəfər 11-ci sinifi bitirir. Bu məzunlara ümidlərimiz çox böyükdür. Onlar sınaq imtahanlarında yaxşı nəticələr əldə ediblər. Əvvəlki illərlə müqayisədə ali məktəbə qəbul olanların sayının artacağına ümid edirik”.

“Son zəng”in həyacanını yaşayan məzunlar 11 il təhsil aldıqları məktəbdən ayrılmağın çətin olduğunu, müəllim və valideynlərin etimadını doğruldacaqlarını deyirlər.

Səbinə Zalova- məzun: “Mən bu gün çox həyacanlıyam. Gələcəkdə tibb universitetinə qəbul olub həkim kimi çalışmaq istəyirəm”.

Övladlarının bayram tədbirinə toplaşan valideynlər isə məzun adını daşıyan gənclərin gələcəkdə tələbə olacaqları günü səbirsizliklə gözləyirlər.

Abbas Zalov- valideyn: “Bu gün mənim nəvəm məktəbi bitirir. Ümidimiz çox böyükdür. Bütün məzunlara uğurlar arzulayıram”.

Mərhəmət Məmmədov- valideyn: “Bu gün mənim sevincli günlərimdən biridir. Evimizin sonbeşiyi məktəbi bitirir. Bütün məzunlara tələbə olmağı arzulayıram”.

Qeyd edək ki, Göygöl rayonunda fəaliyyət göstərən 50 ümumtəhsil məktəbinin 44-də “Son zəng” tədbirləri bu gün keçirilib. Digər 6 məktəbdə isə tədris ilinə sabah yekun vurulacaq.

Natiq Hüseyn