Bu günə xəbərlərin oxunma sayı: 1093
— 23.05.2015 14:57

Göygöl rayonunun Üçtəpə kəndində kütləvi iməcilik keçirilib

İməcilikdə bələdiyyənin nümayəndələri ilə yanaşı kənd sakinləri də yaxından iştirak edib. Göygöl rayonunun Üçtəpə kəndində bu cür kütləvi iməcilik ayda iki dəfə keçirilir. İməcilikdə kənd sakinləri yaşadıqları evlərin qarşısında səliqə-səhman yaradıb, alaq otlarını təmizləyib. Yığılan məişət tullantıları bələdiyyəyə aid iritutumlu avtomobillə daşınıb. Aksiya ərazisi 30 sot olan “Şəhidlər xatirə kompleksinin” ətrafında da davam edib. Burada da təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, gül kolları budanıb, yaşıllıqlar suvarılıb. Eləcə də kənd şəhidlərinin xatirəsinə ucaldılan abidə səliqə-səhmana salınıb.

Rza Məmmədov- Üçtəpə kənd bələdiyyəsinin sədri: “Kəndimizdə şəhidlərin xatirəsinə bulaq kompleksi yaratmışıq. Kənddə 11 ədəd bulaq kompleksi var. Bu bulaqları su ilə təmin etmək üçün hovuz tikmişik. Oradan nasoslar vasitəsilə günün 24 saatı ərzində bulaqlara su gəlir. Əhalimizin ən böyük istəyi odur ki, kəndin qəbiristanlığı olsun. Bu il də qarşımıza məqsəd qoymuşuq ki, qəbiristanlığı hasarlayaq və kənd sakinlərinin ixtiyarına verək”.

Kütləvi iməcilik gün boyu davam edib. Üçtəpə kəndinin məişət tullantıları bələdiyyəyə aid xüsusi avtomobillə daşınıb.

Elnur Vahidoğlu