• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 21.05.2015 14:03

Göygöl rayonunda köhnə elektrik dirəkləri və yüksəkgərginlikli xətlər yeniləri ilə əvəz olunur

Göygöl Rayon Elektrik Şəbəkəsi abonentləri  fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün bir sıra işlər həyata keçirir. Bu məqsədlə rayon ərazisindəki  sovet dönəmindən qalma, köhnə və istismar müddətini başa vuran elektrik dirəkləri, yüksəkgərginlikli xətlər yeniləri ilə əvəz olunur.

Son bir neçə ay ərzində rayonda abonentlərin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 3 yeni transformator məntəqəsi quraşdırılıb. 6, 10 və 35 kilovatlıq 3 yarımstansiyada təmir işləri aparılıb.  5 min metrdən artıq yararsız yüksəkgərginlikli elektrik naqili dəyişdirilib, 300-dən artıq dəmir dirəklər karroziyaya qarşı boyanıb. Qeyd olunan işlər rayonun Xasabağ qəsəbəsinə gedən yolda da həyata keçirilir.

Artıq görülən işlər nəticəsində qəsəbəyə gedən elektrik dirəklərindən, yəni köhnə sovet dönəmindən qalma, istismar müddətini başa vurmuş ağac dirəklərlərdən 25 ədədi dəyişdirilib və yaxın vaxtlarda daha 25 ədəd dirəyində dəyişdirilməsi nəzərdə tutulur.

Köhnə dirəklərlə yanaşı, yararsız elektrik xətləri də yenisi ilə əvəz olunur.

Elman Pirverdiyev- Göygöl Elektrik Şəbəkəsinin baş mühəndisi: “Bütün bu görülən işlərin nəticəsində, abonentlərimizi fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək nəzərdə tutulub. Çalışırıq ki, hər dəqiqə abonentlərin elektrik enerjisinə olan tələbatını ödəyək. Bu işlər həm yay, həm qış mövsümü üçün nəzərdə tutulub. Müəyyən çətinliklərimiz olsa da biz işlərimizi davam etdiririk”.

Bu il həmçinin rayon mərkəzində, Topal Həsənli, Yeni Qızılca və Üçtəpə kəndlərində ümumilikdə 8 yeni transformator məntəqəsi inşa edilərək istifadəyə veriləcək.

Elton Cabbarlı