• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 21.05.2015 11:13

Müəllim sinif otağında qədim əşyalardan muzey yaradıb

Müəllimlər çox şeydə başqalarına nümunə ola biləcək peşə sahibləridirlər. Qazax sakini Mustafa Mirzəyev də belələrindədir. Tarix müəllimi şagirdlərinə qədim əşyaları əyani şəkildə göstərmək üçün öz vəsaiti hesabına muzey yaradıb.

Qazaxda tarix dərsini tədris edən Mustafa Mirzəyev 15 ilə yaxındır el-obanı, kəndləri gəzərək qədim əşyalar toplamaqla məşğuldur. İlk illərdə müxtəlif eksponatları pulsuz əldə etsə də, son illər bəzi tarixi əşyaları almaq üçün xeyli pul xərcləməli olub. Mustafa müəllimin muzey yaratmaq ideyasını məktəb rəhbərliyi müsbət qarşılayaraq, ona tədris ocağında otaq da ayırıb. Hazırda 500-ə yaxın eksponatın toplandığı sinif otağı məktəblilərlə yanaşı, valideynlərin də diqqətini çəkir. Mustafa Mirzəyev bildirir ki, tarix dərsi zamanı şagirdlərə qədim əşyalar haqqında əyani məlumat verir ki, bu da tədrisin keyfiyyətini artırır.

Mustafa Mirzəyevin sözlərinə görə, topladığı qədim əşyalar içərisində onun üçün ən dəyərlisi at fiqurudur. Baba Dərviş yaşayış məskənindən tapılan bu eksponat tunc dövrünə aid edilir. Əməkdar müəllim gələcəkdə eksponatların sayını artırmaqla xarici turistlərin də bölgəyə diqqətini çəkməyi planlaşdırır.

Rahim İbrahimoğlu