• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 20.05.2015 16:23

Gəncədə müasir standartlara cavab verən su anbarı inşa olunur

"Qızılqaya Su Mənbəyinin bərpası" layihəsinin davamı olaraq Gəncədə bir müddətdir ki, inşası aparılan ən böyük su anbarının tikintisi yekunlaşmaq üzrədir. Anbar az enerji sərf etməklə şəhər əhalisinin keyfiyyətli su ilə təmin olunmasına hesablanıb.

5 min kubmetr su tutumuna malik olan “Totanlı” su anbarı 50 minə yaxın şəhər əhalisini gündəlik su ilə təmin edəcək. Hazırda xlorlama məntəqəsində və anbarda əlavə avadanlıqların quraşdırılması işləri görülür. Podratçı şirkətin mühəndisi Əhməd Məmmədov bildirib ki, bir müddət əvvəl anbarda və suötürücü borularda sınaq prosesi uğurla yekunlaşıb. Su anbarının üstünlüklərinə gəlincə, mühəndis “Qızılqaya” su mənbəyindən anbara gələn və xətlər üzrə paylanılan suyun enerji sərf etmədən öz axarı ilə abonentlərə çatdırılacağını qeyd edib.

Əhməd Məmmədov -podratçı şirkətin mühəndisi: "Anbar ərazisində tamalanma işlərinə başlanılıb. Anbar su ilə doldurularaq hazır vəziyyətə gətirilir. Boru xətləri də istismara hazırdır. İstifadə olunan avadanlıqlar beynəlxalq standartlara cavab verir".

1950-ci illərdə tikilərək şəhər əhalisinin istifadəsinə verilən 4 min kubmetrlik su anbarının aqibətinə gəlincə, Əhməd Məmmədov bu anbardan da məqsədyönlü şəkildə istifadə olunacağını qeyd edib.

Əhməd Məmmədov -podratçı şirkətin mühəndisi: "4 min kubluq anbara mütəxəssislər baxış keçirib və istifadəyə yararlı olduğu rəyini almışıq. Bu məqsədlə yeni anbardan köhnə anbara 500 diametr olan polietilen borularla nəqledici xətt vermişik. Gələcəkdə həmin anbarın istismarı nəzərdə tutulub".

Tikintisi Almaniyanın KFW bankının maliyyə dəstəyi ilə reallaşan su anbarının bu ilin avqust ayına kimi istismara verilməsi nəzərdə tutulur.

Xaliq Qurbanlı