• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 18.09.2014 19:12

Bakıda qətl hadisəsi törədilib

 

Paytaxt Bakıda qətl hadisəsi baş verib. İki tanışın illər öncə baş vermiş mübahisəsinə aydınlıq gətirmək istəyən tərəflərdən biri qarşı tərəfin söyüşlərini həzm etməyərək bıçağa əl atıb.

 

Balakən rayonunun Meşəşambul kənd sakini 28 yaşlı Abdulla Saramanov 3 ilə yaxındır ki, Abşeron rayonununun Xırdalan şəhərində kirayədə qalır. Burada fəhləliklə məşğul olan Abdulla ilə tanışı 32 yaşlı Ramil Məmmədov arasında bir il öncə kafedə mübahisə yaranıb. Həmin mübahisədən sonra tanışlar üz-üzə gəlməsələr də bir-biri ilə mobil telefonla əlaqə saxlayıblar. Telefonla söhbət edərkən Ramil Abdullanı nalayiq söyüşlərlə təhqir edib. Tanışının söyüşlərini həzm etməyən Abdulla Saramanov onunla görüşmək üçün qarşı tərəfi Bakı Beynəlxalq Avtovağzalına pivə içmək adı ilə çağırıb.

 

Abdulla Saramanov Abşeron Rayon Polis Şöbəsinin yaxınlığında Ramil Məmmədovla avtobusdan düşdükdən sonra ona bıçaqla 5 dəfə xəsarət yetirib. Yaralı çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib. Abdulla Saramanov isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi cinayət əməlinə görə peşiman olmadığını bildirib.

 

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsddən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.