Bu günə xəbərlərin oxunma sayı: 1341
— 14.09.2014 21:31

Nağıl qəhrəmanları

Uşaq olanda valideynlərimiz bizi yuxuya vermək üçün daim nağıllar danışardı. Bu nağıllar bitərdi, amma biz yuxuya getməzdik. Macəra dolu, sirli və sehirli hekayələri çox sevirdik deyə, demək olar ki, hər birini əzbərləmişdik. Cırtdanın qoçaqlığı , Məlikməmmədin qəhrəmanlığı və cəsurluğu bizdə həmişə maraq oyadıb. Roben Qudun şücayəti və kasıblara yardımını, Piter Penin Kapitan Hukla mübarizəsini sevə-sevə dinləyir və özümüzü hardasa sadaladığımız qəhramanlara bənzədirdik. Oxumağı təzə- təzə öyrəndiyimiz zaman, artıq valideynlərimiz bizə nağıl oxumurdu. Kitabları götürüb özümüz mütaliə edirdik.

Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülüb və yalnız XX əsrin əvvəllərində yazılı şəkildə qeydə alınıb. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin olanlara da rast gəlinir.

Lakin XXI əsrə qədəm qoyduğumuz zaman bir sıra yenilk və dəyişikliklər olduğu kimi, nağıl və əfsanə qəhrəmanları da müasir dövrə uyğun şəkildə dəyişildi. Uşaqlara nağıl qəhrəmanları tamam fərqli formada təqdim edilməyə başladı. Müasir mistik qəhrəmanlar içərisində balacaların sevimlisi olan Hörümçək Adamın qəhrəmanlığı və pisliklərə qarşı mübarizəsi, Super Adamın uçması və qeyri-adi gücü uşaqları daim heyrətləndirib. Lakin müasir dövrün mifik qəhrəmanları bununla bitmir . İndi uşaqların marağına səbəb olan müasir texologiya ilə təchiz edilmiş Dəmir Adam, gecələr cinayətkarlara qarşı daim mübarizədə olan Yarasa Adam, ilk baxışdan zəhmli və qorxulu, amma daxilən xeyirxah olan Hulk və digər qəhrəmanlar uşaqların sevimlisidir. Bir çox hallarda uşaqlar özlərini sadaladığımız qəhrəmanlara bənzətmək istəyirlər. Əsrlər ötdükcə onların dövrümüzə uyğun dəyişməsinə baxmayaraq, əsas məqsəd daim xeyirlə şərin mübarizəsinin ön plana çəkilməsi olub. Sonda xeyirin qələbə qazanması həmişə uşaqları sevindirib. Həm keçmiş, həm də müasir dövrün qəhrəmanları həmişə uşaqların düşüncələrinin müsbət istiqamətə yönəlməsində vasitəçi olublar.

 

Son zamanlar uşaqlar müasir və xarici mifik qəhrəmanlara daha çox üstünlük verirlər. Lakin körpələrdə milli nağıl qəhrəmanlarımıza olan marağın artmasında hamımız yardımçı olmalıyıq. Çünki həmin qəhrəmanlar milli varlığımızın əsasını təşkil edir.

 

Günay Rafayılqızı