• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 19.05.2015 10:20

Gəncədə Səməd Vurğunla Aşıq Şəmşirin görüşünün 60 illiyi ilə bağlı tədbir keçirilib

Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədəki  Mədəniyyət Evində Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşirin görüşünün 60 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən təşkil edilib.

Tədbir “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi layihəsi çərçivəsində silsilə tədbirlərin davamıdır. Çıxış edənlər Xalq şairi, ictimai-siyasi xadim Səməd Vurğunun 1955-ci ildə Kəlbəcər rayonuna gəlməsi və ustad sənətkar Aşıq Şəmşirlə görüşündən danışıblar. Bu görüşdən sonra “Səməd Vurğun və Aşıq Şəmşir” dastanı yaranıb və bu il dillər əzbəri olan dastanın yaranmasından 60 il ötür. Bu əxlaq, mənəviyyat və vətənpərvərlik dastanının gənclər arasında təbliğ edilməsi isə çox önəmli məsələdir. Bu layihə də məhz buna  xidmət edir. Bir dastanın yubleyi ilə bağlı tədbir isə respublikamızda ilk dəfədir keçirilir.

Məhərrəm Qasımlı- professor: Bizim ölkəmizdə iki böyük xalq sənətkarının görüşünün 60 yaşının olmasının, xalq tərəfindən bu cür bayram səviyyəsində qeyd edilməsi hadisəsi ilk dəfə baş verib. Bu da bir daha Səməd Vurğuna, Dədə Şəmşir irsinə xalqın böyük ehtiramının əlamətidir. O günlərin şahidi olan ziyalılar buradadır.  Qəmbər Şəmşiroğlu, Aşıq Xalıqverdi Həmidoğlu bunlar ağsaqqallar kimi həmin günlərin birbaşa şahidləri olublar”.

Tədbirdə “Səməd Vurğun və Aşıq Şəmşir dastanı” adlı kitab da iştirakçılara təqdim olunub. Nəşr 160 səhifəlikdir və burada Səməd Vurğun və Aşıq Şəmşirin 60 il öncəki deyişmələri olduğu kimi öz əksini tapıb. Sonda Kəlbəcərdən olan aşıqlar Səməd Vurğun və Aşıq Şəmşirin sözlərinə bəstələnən saz havaları, dastandan müxtəlif parçalar ifa ediblər.

Elnur Vahidoğlu