• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1857
— 18.05.2015 14:46

Avropa Oyunlarının məşəli Qərb bölgəsinə səyahətini davam etdirir

Avropa Oyunlarının məşəli qərb bölgəsinə səyahətini davam etdirir. Oyunların rəmzinin bu dəfəki dayanacağı Qazax və Ağstafa olub.

Qazax rayonundakı məşəl yürüşü Heydər Əliyev prospektində Rayon Polis Şöbəsinin binası qarşısından başlayıb. Burada Vüsal İsmayılov məşəli qəbul edib və estafet yürüşünə start verib. 10 nəfərin daşıdığı məşəl 2,9 km məsafə qət edərək Heydər Əliyev Parkına çatdırılıb. Sonuncu məşəlçi sərbəst güləş üzrə Azərbaycan ikincisi Tərxan Əhmədov İlk Avropa Oyunlarının rəmzini alovlandırıb. Mərasimin davamında Avropa çempionu Qismət Vəkilov Oyunlar başa çatanadək alovlandırılması üçün “Bakı 2015”-in çırağını Heydər Əliyev Mərkəzinə təqdim edib.

Qazaxın ardınca Birinci Avropa Oyunlarının məşəli Ağstafanı gəzib. Rayonun rəmzi qapısında məşəl yürüşünü karate üzrə məşqçi Namiq Həsənov başladıb. Estafet 3,1 km məsafəni əhatə edib və 11 nəfərin daşıdığı Bakı 2015-in rəmzi Heydər Əliyevin adını daşıyan parka gətirilib. Burada qol güləşi üzrə Azərbaycan çempionu Nemət İbrahimli məşəli alovlandırıb. Sonra Bakı 2015-in çırağı rayon ictimaiyyətinə təhvil verilib və Oyunlar başa çatanadək Heydər Əliyev Mərkəzində yandırılacaq.

Orxan Cəfərzadə, Hidayət Şahin