• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 18.05.2015 14:42

Gəncədə olan muzeylərlə tanışsınızmı?

Mayın 18-də dünyada Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında keçmiş Sovet İttifaqının  nümayəndə heyətinin təklifi ilə təsis olunub. 1978-ci ildən etibarən Beynəlxalq Muzeylər Günü hər il 150-dən çox ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. Bu münasibətlə respublika muzeylərində açıq qapı günləri təşkil olunub.

Hazırda respublikamızda 200-dən çox muzey fəaliyyət göstərir ki, onlardan da 190-na yaxını bölgələrdə yerləşir. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə 10-a yaxın muzey şəhər sakinləri və qonaqların ixtiyarındadır.

4000 illik yaşı olan Nizami yurdunun tarixi ilə ən yaxşı şəkildə məhz "Qala Qapıları –Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi"ndə tanış olmaq olar.

Bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Burada 380-ə yaxın eksponat nümayiş olunur.  

Fəqan Məmmədov -Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru: "16, 17, 18 may tarixlərində şəhərimizin tarixlərində açıq qapı elan olunubdur. Muzeyə gələn qonaqlar məlum olduğu kimi ödəniş etmədən muzeydə saxlanılan qiymətli eksponatlarla yaxından tanış olublar. 3 gün ərzində 60-dan çox ekskursiyaçı muzeyi ziyarət edib. Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi sayılan qədim Gəncə şəhəri xarabalığının ərazisinə də ekskursiya olunub. Həmin qoruğun ərazisində olan Comərd Qəssab və İmamzadə türbəsi ilə yaxından tanış olublar".

Açıq qapı günlərində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunu Ağstafa, Gədəbəy, Daşkəsən və Xaçmazdan olan 100-dək turist ziyarət edib. 

Gülnar Fazilqızı