• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 16.05.2015 16:09

Bu il bal bol olacaq

Ötən ilin quraq keçməsi arıçılığa mənfi təsir edərək məhsuldarlığı aşağı salmışdı. Bu il isə arıçılar Qərb bölgəsində yüksək məhsuldarlıq gözləyirlər.Fermerlər yağmurlu havalardan sonra hər tərəfin gül-çiçəkli olduğunu və nəticədə işçi arıların istənilən qədər nektar topladıqlarını bildirirlər. Hava şəraiti canlıların işinə müsbət təsir etsə də, arıquşular onları məhv edirlər. Arı yeşiklərinin ətrafında dövrə vuran quşlar xeyli işçi arını yeməklə təsərrüfatçılara ziyan vurub. Fermerlərin sözlərinə görə, arıları yeyən canlılar qırmızı kitaba düşdüyündən onları məhv etmək mümkün deyil.

Tovuzda əsasən ana arılar xarici ölkələrdən gətirilir ki, onlar da bəzən yerli mühitə uyğunlaşmırlar. Fermerlər bu problemin həlli üçün ölkədə damazlıq təsərrüfatları yaradılmasını və arıçılıq kurslarının açılmasını vacib sayırlar. Bu cür təsərrüfatlarda yerli növlərin yetişdirilməsi arıçılığa müsbət təsir edə bilər.

Arıçılığın inkişaf etdirilməsi məqsədilə "Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsi"nə start verilib. Arıçılıqda seleksiya-damazlıq işlərinin yaxşılaşdırılması, bu sahənin inkişafı ilə bağlı Türkiyə və dünya təcrübəsindən istifadə olunacaq. Qeyd edək ki, layihənin büdcəsi 200 min dollar təşkil edir. Bu vəsaitin 100 min dolları məsləhət xidmətlərinə, təqribən 25-35 min dollar isə arıçılığa sərf ediləcək. 

Rahim İbrahimoğlu