• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 16.05.2015 14:12

Kəlbəcərdən olan məcburi köçkünlərin bu ilin fevral-may aylarında keçirilən tibbi müayinəsi yekunlaşdırılıb

Ötən ay Kəlbəcər rayonundan olan uşaqlar Mərkəzi Rayon Xəstəxanasının həkimləri tərəfindən peyvənd olunub. Bundan başqa, 22 min 144 nəfər rayon sakini isə ölkə başçısının tapşırığına əsasən, fevral-may aylarında tibbi müayinədən keçirilib.

Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının həkim briqadaları Səhiyyə Nazirliyinin əmri ilə aprelin 25-nə kimi keçirilən “İmmunlaşdırma həftəsi” çərçivəsində uşaqları peyvənd edib. Əvvəlcə tədbirlər planına uyğun olaraq peyvənddən kənarda qalan uşaqların siyahısı tərtib olunub. Siyahıya görə Kəlbəcər rayonu üzrə 51 uşaq peyvəndə cəlb edilib.  Onlardan 14-ü qızılca-məxmərək, 28-i polimelit, 9-u isə digər xəstəliklərə qarşı peyvənd olunub. Səhiyyə nazirinin göstərişi ilə uşaqların peyvənd olunmasına nəzarəti Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları həyata keçirir.

Adil Heydərov- Kəlbəcər rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru: “Uşaq doğulandan sonra peyvənd təqvim əsasında aparılır. Kəlbəcərdən olan məcburi köçkünlər tez-tez yerini dəyişir. Ona görə də bəzən uşaqlar peyvənddən kənarda qalır. Biz də əhali arasında sorğu keçiririk, peyvənddən kənarda qalanları aşkar edib, peyvəndə cəlb edirik. İlkin olaraq bunu etmişik ki, əgər yenə aşkar olan olarsa yenə edəcəyik”.

Qeyd edək ki, Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının həkimləri bu ilin fevral-may aylarında keçirilən əhalinin tibbi müayinəsini də yekunlaşdırıblar. Aksiya Kəlbəcərdən olan məcburi köçkünlərin Gəncə və ətraf rayonlarda sıx məskunlaşdığı yerlərdə aparılıb. Aksiya zamanı müayinə olunan 22 min 144 nəfərdən 941 nəfəri ambulator, 30 nəfər isə stasionar müalicəyə cəlb olunub. Həmçinin 33 nəfər müalicəsini davam etdirmək üçün Gəncə, eləcə də Bakıda fəaliyyət göstərən xəstəxanalara göndərilib. Müayinə olunan vətəndaşlarda ürək-damar, tənəffüs, həzm sistemi və qan təzyiqi xəstəliklərinə daha çox rast gəlinib.

Elnur Vahidoğlu