• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2144
— 14.05.2015 15:58

İçdiyimiz su sanitar norma və tələblərə cavab verirmi?

Gəncədə əhalinin içməli su təminatını həyata keçirən maşınlar və su anbarlarında aparılan reydlərin nəticələri açıqlanıb. Yoxlamalar içməli suyun sanitar-gigiyenik tələblərə cavab verdiyini deməyə əsas verir.

Gəncədə gün ərzində xüsusi çənləri olan 30-35 avtomobil vasitəsilə içməli suyun satışı həyata keçirilir. ZİL markalı maşınlar suyu əsasən Gülüstan qəsəbəsi ərazisində yerləşən 518 saylı anbardan götürürlər. Bəs görəsən içdiyimiz su sanitar norma və tələblərə cavab verirmi? Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, anbar xüsusi nəzarətdə saxlanılır və gündəlik su xlorlanır. Su maşınlarından bakterioloji və kimyəvi laborator müayinələr üçün nümunələr götürülür.

Fazil Nəbiyev -Gəncə Şəhər GEM-in şöbə müdiri: "Əgər götürülən sular dövlət standartına cavab vermirsə tərəfimizdən tədbirlər görülür. Bu halda maşınların çənlərinin yuyulması, dezinfeksiyası aparılır və təkrar yoxlanıldıqdan sonra normativə cavab verirsə maşınların su daşınmasına icazə verilir".

Sakinlər isə su maşınlarının xidmətindən razılıqlarını bildirisələr də, suyun tərkibi barədə tam məlumatlı deyillər.

Fikrət Hüseynov -şəhər sakini: "Maşınlar vaxtı-vaxtında suyu gətirirlər, sudan da razıyıq".

Saleh Hüseynov -şəhər sakini: "Suyun keyfiyyəti pis deyil. Düzdür, saf su olmasa da Gəncədə Göygöl suyu satılmır. Hiss olunur ki, artezian sularından qatırlar içməli suya, ancaq buna baxmayaraq məni qane edir".

Nəzərdə tutulmayan yerlərdən su götürüb satışını həyata keçirən maşınların fəaliyyəti qanunsuz hesab edilir və  belə sahibkarlara qarşı ciddi tədbirlər görülür. Mütəxəssislərin fikrincə, su vasitəsilə yoluxucu xəstəliklərin yayılma riski çox olduğundan bu sahə xüsusi nəzarətdə saxlanılmalıdır.

Xaliq Qurbanlı