• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 18.09.2014 09:57

Bakı-Tbilisi-Ceyhan kəməri və Azərbaycan iqtisadiyyatı

Azərbaycan neft və təbii qazının dünya bazarlarına çıxışı üçün alternativ yol axtarışı Sovetlər Birliyi dövrünə, daha dəqiq desək, 1980-ci illərin sonuna təsadüf edir. Bu dövrdə SSRİ ömrünü tamamlamaq üzrə olan zəif bir dövlətə çevrilir və ittifaqı meydana gətirən ölkələrin hər biri öz yolunu seçir. 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan saziş imzalanır. Azərbaycan tarixi üçün əhəmiyyətli olan “Əsrin müqaviləsi” nin imzalanması ilə neftin əvvəlcədən müəyyən olunmuş saziş əsasında xarici ölkələrə nəqli prosesi həyata keçirilməyə başlayır. Xatırladaq ki, müqavilə Gülüstan sarayında imzalanıb və bu zaman dünyanın 8 ölkəsi- Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı və 13 ən məhşur neft şirkəti- Amoko, BP, MakDermott, Yunokl, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçi, Remko, və Delta iştirak edib. Bakı-Tiblisi-Ceyhan neft kəməri isə Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan da Aralıq dənizi vasitəsilə Avropaya nəql edilməsi prosesində önəmli rol oynayır.

Bakı-Tiblisi-Ceyhan Boru kəməri Kompani şirkəti bütövlüklə boru kəmərinin tikintisinə və istismarına cavabdehdir. Bu, 11 səhmdar tərəfindən təşkil olunaraq korporasiya kimi qeydə alınmış birgə müəssisədir, şirkətin ən böyük səhmdarı olan BP tərəfindən idarə olunur. Bakı-Tiblisi-Ceyhan boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanıldı və neft Ceyhan terminalına 2006-ci ilin may ayının 28-də çatdı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunurdu. Bu kəmərlə nəql edilən ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayının 4-də yola salındı. Məlumat üçün bildirək ki, boru kəmərinin uzunluğu 1773 kilometrdir. Kəmərin 449 km-i Azərbaycandan, 235 km-i Gürcüstandan, 1089km-i isə Türkiyədən keçir. Sözsüz ki, boru kəmərinin keçdiyi ölkələrin iqtisadiyyatı baxımından da, Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəmərinin əhəmiyyəti yüksəkdir.

 

Mehman Abbasov