• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 08.05.2015 20:33

Göygöldə işəgötürənlər maarifləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti vətəndaşların işlə təminatı istiqamətində tədbirlərini davam etdirir. Xidmətin yerli qurumları boş iş yerlərinin müəyyənləşdirilməsi üçün dövlət və özəl müəssisələrin rəhbərləri ilə maarifləndirmə işi aparır. Növbəti belə tədbir Göygöl rayonunda reallaşıb.

Sosial tərəfdaşlıq mövzusuna həsr olunan növbəti “dəyirmi masa”da Göygöl rayon icra hakimiyyətinin, Dövlət Məşğulluq Xidmətinin, eləcə də  idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak ediblər. Diqqətə çatdırılıb ki, işəgötürən təşkilat vakant iş yeri haqqında ən geci 5 gün müddətinə məşğulluq mərkəzinə məlumat verməlidir. Eyni zamanda, ayda bir dəfə olmaqla  işə qəbul və yaxud işdən azad olunma ilə bağlı hesabatlar müvafiq quruma göndərilməlidir. Bu və ya digər qaydalara əməl etməyən müəssisələrin cərimələnməsi isə qaçılmazdır.

Nazim Cəfərov- Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru: “Əgər vakant yerin yarandığı gündən 5 gün müddətinə mərkəzə məlumat verilməzsə və işə qəbul eləcə də işdən azad olunanlarla bağlı hesabatlar gecikdirilərsə onda həmin təşkilat şərti maliyyə vahidinin 50 misli qədər cərimə olunur”.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində Göygöl rayon Məşğulluq Mərkəzinə 140 nəfər müraciət edib. Onlardan 86-sı işlə təmin olunub. Mərkəz yaxın günlərdə rayonda fəaliyyət göstərən “Qoşqar” müəssisəsində yoxlamalara başlayacaq. Səbəb isə həmin müəssisənin lazımi  hesabatları mərkəzə göndərməməsidir.

Natiq Hüseyn