• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3008
— 08.05.2015 17:43

Göyçayda dəhşətli yanğın olub

Göyçayda ata, oğul və qızın öz evində yanaraq ölməsi ilə nəticələnən dəhşətli yanğın olub. Yevlax və Şabranda da yanğın hadisəsi baş verib.

Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisə baş verib. Hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Ziya Bünyadov küçəsində, 33 yaşlı Xəyalə Əhmədovaya məxsus mənzildə baş verib. Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün, əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə barədə yanğından mühafizə hissəsinə qonşular gec məlumat verilib. Hadisə yerinə yanğınsöndürənlər gələndə artıq ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı 45 yaşlı Azad Babayev, onun iki övladı, 7 yaşlı İlyas Əhmədov və 6 yaşlı Aysu Əhmədova yanaraq dünyasını dəyişib. Hadisə baş verən zaman ev sahibi Xəyalə Əhmədova işdə olub. Qonşuların verdiyi məlumata görə, uşaqların atası Azad Babayevin psixoloji problemləri olub. Xəyalə Əhmədova bu gün səhər uşaqların yeməyini hazırlayaraq zavoda işə getdiyini və yarım saat sonra evinin yanması xəbərini eşitdiyini bildirib. Hadisə şahidlərinin sözlərinə görə, yanğını söndürmək üçün evə daxil olmaq istəsələr də qapı içəridən bağlı olub. Bu da yanğının qarşısının alınmasına və içəridəki adamların çıxarılmasına mane olub. Yanğın hadisəsinin qəsdən törədildiyi ehtimal olunur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yevlax rayonunun Ərəş kəndində də vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 70 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.    

Şabran şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan köməkçi tikilidə yanğın hadisəsi qeydə alınıb. Hadisə nəticəsində tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.