• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 17.09.2014 17:40

Zaqatala və Masallıda yanğın hadisələri baş verib. Yanğınların birində 7 yaşlı fiziki qüsurlu uşaq dünyasını dəyişib.

Zaqatalada ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə günorta saatlarında, şəhər sakini Musa Musayevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan ikimərtəbəli yaşayış evində qeydə alınıb. Evin 50 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə ediblər. Yanğın söndürüləndən sonra aparılan təhqiqat zamanı ev sahibi Musa Musayevin qızının övladı - 2007-ci il təvəllüdlü Vaqif Əliyevin yanmış meyiti aşkarlanıb. Uşağın fiziki baxımdan qüsurlu olduğu bildirilib. Faktla bağlı FHN-in Zaqatala DYMH-də araşdırma aparılır. Masallı rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Qızılavar kənd sakini, 78 yaşlı Həsənağa Ağacanova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Masallı rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı kürsülü evin 4 otağı içindəki əşyalarla birlikdə 120 kv.m sahədə yanıb. Yanğının başvermə səbəbləri həyata keçirilən ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.