• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3521
— 07.05.2015 13:10

ADAU-nun baytarlıq fakültəsində əmək yarmarkası keçirilib

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə ADAU-nun baytarlıq fakültəsində əmək yarmarkası keçirilib.

Yarmarkanın əsas məqsədi Aqrar Universiteti bitirən məzunları ixtisasları üzrə işlə təmin etmək və aqrar sahədə ixtisaslaşmış mütəxəssislərə olan ehtiyacı ödəmək olub. Respublikada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən artıq müxtəlif şirkət və müəssisə tərəfindən əmək yarmarkasına 105 vakant yer çıxarılıb.  

Yarmarkaya çıxarılan vakant yerlər daha çox baytar, aqronom, zoomühəndis, aqromühəndis, qida mühəndisi və melioratorluq kimi ixtisaslar üzrə olub. Bu cür əmək yarmarkasının təşkil olunması tələbələr tərəfindən də yüksək qiymətləndirilib.

Rauf Nəsirli- tələbə: “Sağ olsunlar bizə bu şəraiti yaratdıqları üçün. Əmək yarmarkasının keçirilməsinin tələbələr üçün böyük əhəmiyyəti var. Ən azından burda təhsilini başa vuran tələbələr iş tapa bilirlər.

Elvin Məhərrəmli- tələbə: “Aqrar universitetin baytarlıq fakültəsini bitirmişəm. Bugünkü yarmarkada iştirak edirəm, bir neçə şirkətə öz CV-lərimizi təqdim etmişik. Müsbət nəticələr gözləyirik. Ümid edirəm ki, ixtisasıma uyğun işi tapacam”.

Əmək yarmarkalarının növbəti aylarda da təşkil olunacağı qeyd edildi. Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.

Elton Cabbarlı