• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 17.09.2014 15:06

"Kəpəz" "Qaradağ Lökbatan"la oyun öncəsi bu gün son məşqinə çıxıb

Futbol üzrə Azərbaycan I Divizionunda iştirak edən Gəncənin "Kəpəz" klubu sabah qarşılaşacağı "Qaradağ Lökbatan"la oyun öncəsi bu gün son məşqinə çıxıb. 45 dəqiqə davam edən məşq prosesi zamanı baş məşqçi Vidadi Rzayev futbolçuları vacib oyun öncəsi çox yormayıb. Cari mövsümə uğurla start verən gəncəlilər "Qaradağ Lökbatan"la oyuna həftə boyunca yüksək əhval-ruhiyyə ilə hazırlaşıb. Son turda "Şuşa" üzərində qazanılan minimal hesablı qələbə də komandaya xüsusi motivasiya verib. Heyətdə zədəli və cəzalı futbolçuların olmaması baş məşqçi Vidadi Rzayevin komandanı görüşə istənilən səviyyədə hazırlamasına şərait yaradıb. Məşqə isinmə hərəkətləri ilə başlayan futbolçular ardınca "kvadrat" oynayıblar. Daha sonra oyunçular qapıya doğru zərbələr üzərində işləyib. Qapıya endirilən zərbələr zamanı çərçivəni "Şuşa" ilə oyunun qəhrəmanına çevrilən qapıçı Eşqin Şəmiyevin deyil, təcrübəli Davud Kəriminin daha çox qoruması isə əbəs yerə olmayıb. Belə ki, son turda rəqibin penalti zərbəsini dəf edərək komandasının qələbəsində pay sahibi olan Şəmiyev "Qaradağ Lökbatan"la matçı ehtiyat oyunçular skamiyasından izləməli olacaq. "Qaradağ Lökbatan" - "Kəpəz" oyunu sentyabrın 18-i saat 17:00 da başlayacaq. Qarşılaşma Bakıda "Dalğa Arena"da oynanılacaq.