• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 06.05.2015 14:49

Göygöldə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə zona müşavirəsi keçirilib

Müşavirədə Göygöl, Samux, Goranboy, Daşkəsən və Gədəbəydən olan fermerlər, süni mayalanma mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak edib.

Müşavirə heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq - seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə keçirilib. Zona Baytarlıq Laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, yem istehsalının təşkili, heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması da əsas müzakirə mövzularından olub.

Qalib Əbdüləliyev -Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri: "Bu tədbirin burada keçirilməsi onunla əlaqədardır ki, Göygöl Zona Baytarlıq Laboratoriyası burada yerləşir. Göygöl Zona Baytarlıq Laboratoriyası 6 rayonu əhatə edir, bura zonal süni mayalanma mərkəzi funksiyası həvalə olunub. Tədbirdən sonra biz adətən bir təsərrüfata gedirik ki, qabaqcıl təcrübə ilə və ümumiyyətlə mövcud təcrübəni yerində müzakirə edək və yenidən qurulmaqda olan Göygöl Süni Mayalanma Mərkəzində gedən işlərlə yaxından tanış olaq".

2015-ci ilin Azərbaycanda "Kənd Təsərrüfatı ili" elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi üçün mütərəqqi texnologiyaların istifadəsi və bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verilib.

Gülnar Fazilqızı