• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 17.09.2014 13:15

Göygöl rayonunda sonuncu alman Viktor Klaynın evinin muzey kimi qorunub saxlanılması ilə bağlı konfrans keçirilib

Əsas məqsəd mədəni irsin qorunması və onun regional inkişaf üçün potensialı mövzusunda nümunələrin iştirakçılara çatdırılması olub. Göygöl rayonunda “Viktor Klayının evinin muzey kimi qorunub saxlanılması üçün konsepsiya” sənədinin hazırlanması ilə bağlı konfransın rəsmi açılışı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, yerli İcra Hakimiyyəti nümayəndələri, bir sıra dövlət təşkilatlarının məsul şəxsləri və Alman ekspert qrupu iştirak edib. Çıxış edənlər konfrans iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, əsası 1819-cu ildə almanlar tərəfindən qoyulan Helenendorf adlandırılan indiki Göygöl rayonu iki ölkənin tarixi dostluğunun təcəssümüdür. Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov qeyd edib ki, bu gün muzey kimi qorunub saxlanacaq, Göygölün sonuncu alman sakini Viktor Klaynın evi 1886-cı ildə tikilib. 2013-cü ildə nazirlik tərəfindən həmin evin alman icmasının muzeyinə çevrilməsi ilə bağlı qərar qəbul edilib. 1893 ədəd əşyanın inventarlaşması aparılıb. Hazırda Göygöldə 300-dən çox almanlar tikən ev var. Həmin evlər öz üslubları saxlanılmaqla restavrasiya olunub. Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən alman kilsəsi də öz arxitektura quruluşunu saxlamaqla, əsaslı şəkildə təmir olunub. Daha sonra çıxış edən Almaniya səfirliyinin nümayəndəsi xanım Mossinger Azərbaycanda vaxtilə məskunlaşan almanların mədəni həyatından söz açıb. Qeyd edib ki, almanların daha çox şərabçılıqda adları hallansa da bu onların yeganə məşğuliyyəti olmayıb. Azərbaycanda alman mədəniyyətinə verilən dəyər isə iki ölkə arasında olan dostluq münasibətlərinin yüksələn xətlə inkişafına dəlalət edir. Azərbaycanın multikultural, tolerant bir ölkə olması danılmaz faktdır. Konfrans yeni layihənin təqdimatı və bununla bağlı müzakirələrlə davam etdirilib.

Zülfiyyə Telmanqızı