• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 03.05.2015 15:11

Leysan yağışın səbəb olduğu sel suları Samuxun 8 kəndində fəsadlar törədib (Yenilənib)

Gecədən yağan leysan yağış və Bozdağ istiqamətindən gələn sel sularının çoxalması Samuxun 8 kəndində fəsadlar törədib. Əkin sahələrinə və istixanalara ciddi ziyan dəyib.

Samuxda Kür çayının sol sahilində yerləşən ümumilikdə 8 yaşayış məntəqəsində - Qırmızı Samux, Yenikənd, Lüksemburq, Burunqovaq, Salahlı, Qarabağlı, Kəsəmən və Poyluda daşqınlar olub. Daşqınlar nəticəsində Qırmızı Samux və Poylu qəsəbələri ilə gediş-gəliş kəsilib. Bəzi işıq dirəkləri qəzalı vəziyyətə düşüb.

Kəndlərin ərazisində əkin sahələrinə və istixanalara ciddi ziyan dəyib. Bu bölgədə yaşayan əhali xüsusi ilə qarpız əkini ilə məğul olur. Sel suları qarpız şitillərini demək olar ki, tamamilə məhv edib.

Axşam saat 23:00-dən başlayan yağış yalnız səhər saatlarında səngiyib. Kənd sakinlərinin dediyinə görə, onlar bu cür təbii fəlakətlə ildə ən azı 2-3 dəfə qarşılaşırlar".

Gecə saat 3-dən Rayon İcra Hakimiyyətində yaradılan fövqəladə komissiya həmin ərazilərə ezam olunub. Səhər saatlarında hər iki yaşayış məntəqəsinə aparan yollar qismən bərpa edilib. Əraziyə 20-yə yaxın texnika cəlb olunub. Selin yaratdığı fəsadlar aradan qaldırılır.

14:52 olan xəbər

Gecədən yağan leysan yağış və Bozdağ istiqamətindən gələn sel sularının çoxalması nəticəsində Samuxda Kür çayının sol sahilində yerləşən 8 kənddə, xüsuslilə Qırmızı Samux, Yenikənd, Lüksemburq, Burunqovaq və Poylu yaşayış məntəqələrində daşqınlar olub. Daşqınlar nəticəsində Qırmızı Samux və Poylu qəsəbələri ilə gediş-gəliş kəsilib. Yenikənd ərazisində əhalinin əkin sahələrinə ziyan dəyib. Mal-qaranı və toyuq-cücəni sel aparıb. Gecə saat 3-dən Rayon İcra Hakimiyyətində yaradılan fövqəladə komissiya həmin ərazilərə ezam olunub. Səhər saatlarında hər iki yaşayış məntəqəsinə aparan yollar qismən bərpa edilib. Əraziyə 20-yə yaxın texnika cəlb olunub. Selin yaratdığı fəsadlar aradan qaldırılır.

11:05 olan xəbər

Ötən gün axşam saatlarından başlayaraq dağlardan axıb gələn sel Şəmkir və Samuxun bir neçə kəndində ciddi fəsadlar yaradıb. Şəmkirin Seyfəli kəndində evləri və həyətyanı sahələri su basıb. Kənd yolları yararsız hala düşüb. Xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf olub.

Samuxun Kürqırağı kəndlərində də eyni mənzərə yaşanıb. Yenikənd, Lüksemburq kəndlərində və Qırmızı Samux qəsəbəsində evlərə və fərdi təsərrüfatlara sel suları dolub. Gecə saatlarından başlayaraq Fövqəladə Hallar Komissiyasının əməkdaşları hər iki rayonda yaranmış problemlərin həll olunması istiqamətində bütün qüvvə və bacarıqlarını səfərbər ediblər. Fəsadların aradan qaldırılması istiqamətində intensiv iş aparılır.

Gülnar Fazilqızı