Bu günə xəbərlərin oxunma sayı: 1051
— 02.05.2015 10:11

Badımcan dolması

10 ədəd badımcan

10 ədəd bibər

10 ədəd pomidor

1 kq. mal əti

200 qr. quyruq

2 ədəd soğan

Keşniş

Şüyüd

Reyhan

Duz, istiot

Hazırlanma qaydası: Əvvəlcə qiyməni hazırlamaq lazımdır. Bunun üçün əti ətçəkən maşının iri gözündən çəkib, üzərinə doğranmış soğan və duz əlavə edib bişirin. Qiymənin suyu çəkilib, hazır olana yaxın pomidorların içərisinin sulu hissəsini çıxarıb, xırdalayıb ətin üzərinə əlavə edib 5 dəqiqə də belə qovurun. Qiymə tam hazır olduqda doğranmış göyərtiləri ətin üzərinə əlavə edib, qarışdırıb ocağı söndürün.

Sonra tərəvəzlər hazırlanır. Əvvəlcə bibərin saplaq hissəsini qapaq formasında kəsib içinin tumlarını təmizləyin, sonra badımcanın qabığını 1-2 yerdən soyub, orta hisəsini kəsib çıxarın. Sonra içləri çıxarılmış tərəvəzləri duzlayıb, istiotlayın və hazırladığınız qiymədən doldurun. Badımcanların əvvəlcədən kəsib-çıxardığınız iç hissələrini tavanın dibinə yığıb (belə etdikdə dolmaların alt hissəsinin yanma ehtimalı az olar) üzərinə yağ və bir az da su tökün. Pomidor və bibərlərin də içini qiymə ilə doldurduqdan sonra kəsdiyiniz üst hissələrini qapaq formasında üzərinə qoyub, badımcanlarla birgə tavaya yığın. Tavanı əvvəlcə qaynar ocağın üstünə qoyun, yeməyin suyu qaynayan kimi, alovu azaldıb, zəif odda 1-1,5 saat bişirin. Badımcanlar yumşaldıqda yemək bişmiş sayılır. Badımcan dolmasının yanında süfrəyə sarımsaqlı qatıq da vermək olar. Nuş olsun!