• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 01.05.2015 22:26

Gəncədə xeyli sayda sərxoş sürücü aşkarlandı

Son günlər havaların mülayimləşməsi ilə istirahət zonalarına üz tutanların sayı artıb. Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün yol polisi reydlərə başlayıb. Gəncədə keçirilən yoxlamalar zamanı xeyli sayda sərxoş sürücü aşkarlanıb.

Son vaxtlar baş verən yol qəzalarının təhlili göstərir ki, əksər qəzalar sərxoş sürücülər tərəfindən törədilir. Xüsusilə də yaz və yay mövsümündə spirtli içki qəbul edib sükan arxasında əyləşən sürücülərə daha çox rast gəlinir. Gəncədə keçirilən növbəti reyd zamanı sərxoş sürücülərin çoxluğu belə deməyə əsas verir.

Son günlər yol hərəkəti qaydalarını pozan sürücülərin sayının artması yol polisini yenidən hərəkətə keçirib. Asayiş keşikçiləri şəhərin Əziz Əliyev küçəsində növbəti reydini keçirir. Bu dəfəki reyd də maraqlı görüntülərə səhnə olub... 

Reyd zamanı rast gəlinən maraqlı məqamlardan biri spirtli içki qəbul edib sükan araxasında əyləşənlər arasında yaşlı nəslin nümayəndələrinin çoxluq təşkil etməsidir. Gənclərdən fərqli olaraq, belələri yol polisinin göstərişlərini mülayim qarşılayıblar.

Yoxlamalar zamanı avtomobilin konstruksiyasına dəyişiklik edən sürücələrə də rast gəlinib. Belə nəqliyyat vasitələrinin sahibləri barəsində qanunamüvafiq tədbir görülüb.

Ümumilikdə bir saat davam edən reyd zamanı 10 sərxoş sürücü aşkarlanıb. Bir neçə avtomobil sənədsiz idarə olunduğu üçün cərimə meydançasına aparılıb.

Elşad Nəbiyev- Gəncə şəhər DYP Şöbəsinin rəis müavini: “Gəncədə sərxoş sürücülərə qarşı reydləri davam etdiririk. Göründüyü kimi bu cür sürücülər çoxdur. Ona görə də spirtli içki qəbul edib sükan arxasında əyləşənlərə qarşı barışmaz mübarizə aparırıq”.

Xatırladaq ki,  Gəncənin yol polisləri son günlər şəhərin küçə və prospektlərində avtoxuliqanlıq edən sürücülərə  qarşı da mübarizəni gücləndirib.

Natiq Hüseyn