• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 01.05.2015 14:42

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

Onlar idarə etdikləri avtomobillə özləri ilə yanaşı, digərlərinin də həyatlarını təhlükə altına ataraq “qəhrəman”a çevrilmək istəyiblər. Ancaq  avtoxuliqanlıq edən bu şəxslər istəklərinə nail ola bilməyiblər. Gəncədə yol polisinin son günlər keçirdiyi reydlər zamanı 5 belə sürücü aşkarlanaraq sutkalıq həbs cəzası alıb.

Gəncə sakinləri - 33 yaşlı Səbuhi Qasımov, 27 yaşlı Rövşən Novruzov, onun həmyaşıdı Vüsal Ələsgərov, 26 yaşlı Toğrul Abiyari və 20 yaşlı Elsəvər Qasımov sutkalıq həbs cəzası alıblar. Həm də hər hansı digər cinayət əməlinə görə deyil, Gəncənin küçə və prospektlərində özlərinin və başqalarının həyatlarını təhlükə altına ataraq vətəndaşların rahatlığını pozduqları üçün. Yəni, avtoxuliqanlıq etdiklərinə görə.

Elsevər Quliyev- saxlanılan şəxs: “Heydər Əliyev parkında avtoxuliqanlıq etdiyim üçün saxlanılmışam. Əməlimdən çox peşmanam”.

Vüsal Ələsgərov- saxlanılan şəxs: “Poçt qəsəbəsi ilə gedirdim. Avtoxuliqanlıq etdiyim üçün saxlayıblar. 15 sutka cəza veriblər”.

Bu gənclərdən ikisi digərlərindən fərqli olaraq adi hallarda avtoxuliqanlıq etməyiblər. Onlar yaxınlarının toy karvanında diqqət mərkəzinə düşməyə çalışıblar.

Rövşən Novruzov- saxlanılan şəxs: “Dostumun toyunda avtoxuliqanlıq etdiyim üçün saxlanıldım. 25 sutka veriblər. Əməlimdən çox peşmanam”.

Toğrul Abiyari- saxlanılan şəxs: “Toy karvanının qabağında avtoxuliqanlıq etdim. 5 sutka cəza veriblər”.

Bu gənclərdən ən çox sutkalıq həbs cəzası alan Səbuhi Qasımovdur. O, sərxoş halda avtoxuliqanlıq edib yol-nəqliyyat hadisəsi törətdiyi üçün 45 sutka həbslə cəzalandırılıb.

Səbuhi Qasımov- saxlanılan şəxs: “Sərxoş halda qəza törətdim. Cəriməni ödəyə bilmədiyim üçün 45 sutka cəza veriblər”.

Qeyd edək ki, saxlanılan 5 nəfər sutkalıq həbs cəzası ilə yanaşı, müəyyən müddətə sürücülük hüququndan da məhrum ediliblər.

Natiq Hüseyn