• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1101
— 01.05.2015 12:11

Pambıqçılıqda lifsizləşdirilmiş toxumların pnevmatik üsulda səpini texnologiyasından istifadəyə geniş yer verilir

KepezTV Player

Ölkədə pambıq səpini mövsümü artıq yekunlaşmaq üzrədir. Pambıqçılıq sahəsinin mexanikləşdirilməsi və insan əməyinin minimuma endirilməsi üçün bu il pambıq toxumlarının kimyəvi üsulda lifsizləşdirilməsi ilə pnevmatik üsulda səpin texnologiyasından geniş istifadə olunur.

Lifsizləşdirilmiş toxumların səpilməsi texnologiyası ölkə ərazisində 10 ildir tətbiq olunmağa başlasa da, bu sahədə ciddi irəliləyişlər qeydə alınmayıb. Lakin bu il bu texnologiyanın pambıqçılıq sahəsində geniş tətbiqinə     başlanılıb. Ona uyğun olaraq da Türkiyədən texnikalar gətirilib. Digər ölkələrdən də aqrolizinq yolu ilə texnika gətirilməsi planlaşdırılır. Bu texnologiya sayəsində pambıqçılığın daha da inkişaf edəcəyi və bu sahədə məhsuldarlığın yüksələcəyinə ümidlər böyükdür.

Bu texnologiya ilə vəsaitə qənaət edilərək insan əməyindən az istifadə olunur. Nəticədə hər hektara səpin norması 4-5 dəfə azalır və bir çox texniki tələblərin aparılmasına ehtiyac qalmır.

Nurəddin Məmmədov- texniki elmlər doktoru: "...ona görə sahə seyrəltməkdən azad olunur. Kətmənləmənin də o qədər əhəmiyyəti olmur. Çünki, cərgəarası becərmədə daha səmərəli işlər görülür. Kətmənləmə əsasən yuva üsulunda aparılan üsuldur. Amma burda punktiv səpin üsulundan, yəni dənə-dənə - hər bir toxum 5, 10, 15 sm-dən bir səpilir".

Məhsuldarlıq isə qulluqla yanaşı keyfiyyətli toxum seçimindən asılıdır. Təsərrüfat sahibi Əzizağa Ağayev bu il əkdiyi 80 ha sahədə Türkiyə istehsalı olan ağ qızıl və karizma sortlarından istifadə etdiyini deyir.

Əzizağa Ağayev- təsərrüfat sahibi: "Əvvəl bu toxumlardan istifadə etməmişəm. Amma digər təsərrüfatlarda əkilir. Bu toxumların yüksək məhsul verdiyini görmüşəm. Bu toxumlar dövlət tərəfindən yoxlanılıb. Yüksək keyfiyyətli kondisiyalı toxumlardır".

Təsərrüfat sahibləri becərmədə uğurla həyata keçirilən tədbirlərin sonrakı mərhələdə də davam edəcəyinə ümid edir. Çünki, fermerləri pambığın alış qiymətləri qane etmir və bu sahəyə marağın azalmasına səbəb olur.

Aidə Ramizqızı