• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 01.05.2015 11:27

Zaqatala və Gəncədə bıçaqlanma hadisələri baş verib

Zaqatalada iki gənc müammalı şəkildə bıçaqlanıb. Gəncədə isə ötən gün qonşusuna bıçaq xəsarəti yetirən şəxs saxlanılıb.

Ötən gün axşam saatlarında rayonun Əliabad qəsəbə sakinləri, 19 yaşlı Ruslan Hüseynov, 21 yaşlı Fərhad Abdullayev müxtəlif bıçaq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Onlara lazımı ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir. Faktı Zaqatala Rayon Polis Şöbəsi də təsdiqləyib. Şöbədən verilən məlumata görə, hazırda cinayətin hansı zəmində baş verdiyi və kim tərəfindən törədildiyini müəyyən etmək məqsədilə axtarış-əməliyyat tədbirləri aparılır.

Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən gün şəhər sakini Şükür Əşrəfova bıçaqla xəsarət yetirən həmyerlisi Rəsul Əmdi saxlanılıb. Qeyd edək ki, Rəsul Əmdi aprel ayının 30-u gecə saatlarında Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində aralarında baş vermiş şəxsi münasibətlər zəminində həmyerlisi Şükür Əşrəfova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə əməliyyatından sonra xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.