• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 01.05.2015 10:22

Bakıda keçiriləcək Avropa Oyunlarının məşəlinin gəzintisi davam edir

Paytaxtda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Naxçıvan və Lənkəranın ardınca bu gün də cənub zonasını dolaşacaq. 

Məşəlin estafeti saat 11:00-da start götürəcək. 1 saatlıq gəzintidən sonra Heydər Əliyev meydanında məşəlçilərin qarşılama mərasimi baş tutacaq. Tədbir 30 dəqiqə davam edəcək. 

Yerli sakinlərin əkinçilik, xalçaçılıq, dəmirçilik və dülgərliklə məşğul olduğu Lerikdə məşəlin Uzunömürlülər Muzeyində, daş dövrünə aid dağ kəndi Mistan yaxınlığında yerləşən mağara - Qız Yurdunda və kəklikotu tarlalarını gəzməsi də planlaşdırılır.

Yarışın rəmzi ardınca Astaraya yollanacaq. Bu rayonda məşəl estafeti saat 17:00-da başlayacaq. 

Astarada məşəlin qarşılama mərasimi Dənizkənarı Parkda, saat 18:00-da olacaq və 1 saat davam edəcək. 

Məşəlin Astarada düyü plantasiyalarını, arıçılıq təsərrüfatını və Ərçivan kəndində mövcud olan sulfid su qaynaqları - Yanan bulağı gəzməsi də gözlənilir. 

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. 

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 km məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.