• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 30.04.2015 17:13

Paytaxtda baş verən avtoqəzalar nəticəsində xəsarət alanlar var

Paytaxın Xətai rayonunda baş verən qəzada bir nəfər xəsarət alıb. Qeydə alınan digər hadisələrdə avtomobillərə ciddi ziyan dəysə də xəsarətsiz ötüşüb.Xətai rayonunda, Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınan qəzada paytaxt sakini Şamxal Şamxalov “Opel” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun qarşı tərəfində dayanan “Hyundai”a çırpılıb. Zərbənin təsirindən “Hyundai” arxada dayanan “Toyota”ya dəyib. Qəza nəticəsində “Opel”in sürücüsü Şamxal Şamxalov baş nahiyyəsindən yüngül xəsarət alıb. Əraziyə baxış keçirən polis əməkdaşları, qəzaya “Opel”lə eyni istiqamətdə hərəkətdə olan “Lexus” markalı avtomobilin sürücüsünün şərait yaratdığını müəyyən ediblər. Belə ki, “Lexus”un sürücüsü hərəkət zamanı sağdan-sola manevr edib ki, bu da “Opel”in yoldan çıxması ilə nəticələnib. Qəzanın baş verdiyini görən “Lexus”un sürücüsü, maşınını saxlayaraq hadisə yerindən uzaqlaşıb. Yol polisi əməkdaşları qəzaya səbəb olan "Lexus"-un sürücüsünü axtarır.

Bakı dairəvi yolunda isə iki yük maşınının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Magistralın Biləcəri qəsəbəsi istiqamətinin hərəkət zolağında baş verən hadisədə “KamАZ” ilə Mitshubishi markalı evakuator toqquşub. Sürücülərin sözlərinə görə, yolda aparılan təmir bərpa işləri ilə bağlı hərəkət istiqamətinin dəyişilməsindən xəbərsiz olublar. Elə bu da qəzanın baş verməsinə şərait yaradıb. 

Daha bir yol nəqliyyat hadisəsi Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib. Yolun "20 yanvar" dairəsi istiqamətindəki hərəkət hissəsində baş verən hadisə zamanı Elşad Məmmədovun idarə etdiyi “Mercedes” və Telman Quliyevin sükanı arxasında olduğu “Volkswagen” markalı iki minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü Elşad Məmmədovun sözlərinə görə, sükan arxasında olarkən əlindəki əşya maşının salonuna düşüb. Elə onun axtarışları zamanı yola nəzarət etməyi bir anlıq unudub. Unutqanlıq nəticəsində isə, hər iki avtomobilə ciddi ziyan dəyib. Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi isə xəsarət faktının qeydə alınmamasıdır.

Baş verən hər üç faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar aparılır.