• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2005
— 30.04.2015 17:11

Cəlilabadda Nəqliyyat Nazirliyinə məxsus yük avtomobili qəzaya düşüb

Nəticədə bir nəfər dünyasını dəyişib. Şəkidə isə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.Nəqliyyat Nazirliyinə məxsus yük avtomobili Cəlilabadda qəzaya düşüb. Hadisə Ələt Astara magistralının 127-ci km-nin Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində baş verib. Siyəzən rayon sakini Orxan Sədrəddinov sükanı arxasında olduğu "Kamaz" markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn Cəlilabad rayon Alar kənd sakini Güloğlan Əzizovun idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Bu gün gecə saat 01:00 radələrində Şəki şəhəri ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. 35 yaşlı İsmayıllı rayon sakini Məftun Şirəliyev idarə etdiyi  “BMW” markalı avtomobillə Oğuz rayonu istiqamətində hərəkətdə olarkən  idarəetməni itirərək maşını aşırıb. Daha sonra maşın yolun kənarından keçən qaz xəttinə dəyib. Qəza nəticəsində  sürücü Məftun Şirəliyev və avtomobildə olan sərnişin, Oğuz rayon sakini, 37 yaşlı Sənan Quliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan bildirilib ki, Məftun Şirəliyev cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Sənan Quliyevin xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.