• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 29.04.2015 13:05

“Kəpəz” komandası “Şəmkir”in qonağı olacaq

Sabah futbol üzrə Azərbaycan 1-ci Divizionunun 26-cı turu çərçivəsində "qərb derbi"si baş tutacaq. Belə ki, Gəncənin "Kəpəz" klubu səfərdə Şəmkirin eyni adlı komandasının qonağı olacaq.

Vidadi Rzayevin yetirmələri turnir cədvəlindəki ən yaxın izləyicisi ilə oyuna itkilərlə hazırlaşır. Müdafiəçilər - Sərxan Müslümov, İlkin Verdiyev və Vasif Mehrəliyev cəzalı olduğu üçün "Şəmkir"lə matçı buraxmaq məcburiyyətində qalıb. Sonuncu qarşıdakı 3 turda komandasına kömək edə bilməyəcək.

Bu arada son turda -  "Ağsu" ilə qarşılaşmada şübhəli 11 metrlik cərimə zərəbəsi təyin etməklə "Kəpəz"in müdafiəçisi İsmayıl Aslanovu ikinci sarı vərəqə ilə meydandan qovan referinin addımı AFFA-nın İntizam Komitəsi tərəfindən birmənalı qarşılanmayıb. Hakimin qərarının haqsız olduğu qənaətinə gələn qurum futbolçunun cəzasını ləğv edib.

Bu isə o deməkdir ki, Aslanov əzəli rəqiblərlə görüşdə oynaya biləcək. Komandanın kapitanı Azər Həşimovun şəmkirlilərə qarşı matçda forma geyinəcəyi gözlənilir. Uzun müddət heyətdən kənar qalan təcrübəli yarımmüdafiəçi zədəsini sağaldaraq düşərgəyə qoşulub.

Şəmkir Olimpiya İdman Kompleksində reallaşacaq oyun saat 16:00-da başlayacaq. Xatırladaq kİ, "Kəpəz" və "Şəmkir" komandaları arasında ilk dövrədə keçirilən oyunda hesab açılmayıb.

Hidayət Şəhin