• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 29.04.2015 13:32

Gəncə və Bakıda silsilə oğurluqlar törədən Gürcüstan vətəndaşları saxlanılıb

Gürcüstandan ölkəmizə işləmək adı ilə gələn şəxslər gəlir əldə etməyin yolunu oğurluqda tapıblar. Biri qadın, 2-si kişi olmaqla 3 nəfərdən ibarət dəstə üzvləri Gəncə və Bakıda bir neçə mənzili qarət ediblər. Oğurluq hadisələrini xüsusi ustalıqla yerinə yetirən şəxslər sonunda Gəncə polisi tərəfindən tutulub.

Gürcüstan vətəndaşları 42 yaşlı Qriqoli Nuroşvilli, 22 yaşlı Nina Bubueşvilli və 29 yaşlı Qvantsa Sulanadze polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Dəstə üzvləri mart ayının əvvəlindən etibarən Gəncə şəhəri Nizami küçəsi bina 80-də kirayədə yaşamaqla cinayət əməllərini həyata keçirməyə başlayıblar. Bu müddət ərzində onlar şəhərin müxtəlif ərazilərində 6 mənzildən təxminən 55 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları oğurlamaqda təqsirləndirilir.

Vəli Zeynalov- müstəntiq: "Gəncə şəhərində mart ayı ərzində 3 oğurluq hadisəsi törədiblər. Bundan başqa 3 mənzilə də qanunsuz daxil olmağa cəhd göstəriblər. Tərəfimizdən keçirilən əməliyyat istintaq tədbirləri zamanı həmin şəxslər tutulub və iş üzrə maddi sübutlar əldə edilərək götürülüb. Hazırda barələrində həbs qətimkan tədbiri seçilib".

İstintaq yolu ilə müəyyən edilib ki, əvvəllər 16 il məhkumluq həyatı yaşayan Qriqori Nuroşvillinin rəhbərlik etdiyi dəstə Bakıda da oğurluq hadisəsi törədib. Məqsəd isə asan yolla pul qazanmaq olub.

Qriqoli Nuroşvilli- saxlanılan şəxs: "Gəncəyə mart ayında gəldik. Bir müddət şəhəri gəzib müəyyən yerlərlə tanış olduq. Sonra isə oğurluqlara başladıq. Beləcə də 6 evə daxil olduq. 3 evdən qızıl və digər əşylar götürsək də, digər 3 evdə adam olduğundan planımız baş tutmadı. Əldə olunan qızılları isə Gürcüstanda satdıq".

Dəstənin qadın üzvü Qvantsa Sulanadze əməllərini etiraf etsə də, kamera qarşısında danışmaqdan boyun qaçırıb. Nino Bubeşvilli isə öz ifadəsində bildirib ki, Azərbaycanda dəmir barmaqlıqlar arxasına düşəcəyini ağlına belə gətirməyib. O, ölkəmizə gəlməkdə məqsədinin yalnız işləmək olduğunu deyib.

Nino Bubeşvilli- saxlanılan şəxs: "Mənim Azərbaycana gəlişimin məqsədi yalnız işləmək olub. Bu gün isə gözlənilmədən oğru kimi tarixə düşdüm. Bu cür aqibətlə üzləşəcəyimə inanmazdım. Əməlimizə görə çox peşmanam”.

Qeyd edək ki, faktlarla bağlı araşdırmalar davam edir.

Natiq Hüseyn