• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 29.04.2015 10:02

Bakı Avropa Oyunlarının məşəli Lənkəranda da alovlanacaq

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının məşəli növbəti səfərinə çıxır.

Paytaxtımızda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Naxçıvanın ardınca Lənkəranda olacaq. 

Xəzər dənizi və Talış dağları arasında yerləşən şəhərdə estafet saat 19:45-də start götürəcək. Ərazisinin böyüklüyünə görə Azərbaycan şəhərləri arasında dördüncü olan Lənkəranda da Alov festivalı nəzərdə tutulub. Nəfis memarlıq və füsunkar təbiət landşaftları ilə zəngin olan şəhərlərimizdə tədbir 20:45-də başlayacaq. Heydər Əliyev parkında baş tutacaq festivalda konsert proqramı və alovla şoular göstərmək də planlaşdırılır. Lənkərandakı tədbir təxminən 22:05-dək davam edəcək.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.