• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3416
— 28.04.2015 22:39

Goranboyda yük qatarı aşıb

Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb. Stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən vaqonlar relsdən çıxaraq aşıb.

Hadisə ötən gün axşam saatlarında Kürəkçay stansiyasının yaxınlığında baş verib. Hərəkətdə olan qatarın 3 vaqonu relsdən çıxaraq aşıb. Vaqonlar yüksüz olduğundan dağıntı nisbətən az olub. Yalnız dəmir yolu infrastrukturuna qismən ziyan dəyib. Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib.

Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında yolda mövcud olan nasazlıq aradan qaldırılıb. Səhmdar Cəmiyyətdən verilən məlumata görə qəza digər qatarların hərəkətində maneə yaratmayıb. Qəzanın vaqonlarda olan nasazlıqdan qaynaqlandığı güman edilir.

Füzuli Kərimov- ADDY QSC-nin Qərb Bölgəsi Üzrə Səlahiyyətli nümayəndəsi: “Bildiyiniz kimi yollarımız hamısı yeni dəyişdirilib. Yəni yolla bağlı elə bir problem nəzərə çarpmır. Hadisə manevretmə zamanı baş veridyindən vaqonlarda nasazlığın olma ehtimalı böyükdür. Araşdırmalardan sonra nəticə məlum olacaq. Hazırda istər yük istərsə də sərnişin qatarlarına hərəkət açıqdır”.

Qeyd edək ki, bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisə yerinə baxış keçirərək dəqiq səbəbləri müəyyən edəcəklər.

Natiq Hüseyn