• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 28.04.2015 16:07

Samuxda iribuynuzlu heyvanlara dabaq əleyhinə peyvəndlər vurulur

Samuxda iribuynuzlu mal-qaranın yolxucu xəstəliklərdən qorunması və baş sayının artırılması məqsədi ilə rayon Baytarlıq İdarəsinin həkimləri profilaktik tədbirləri davam etdirirlər. Yaylaq mövsümünün başlanması ilə əlaqədər baytar həkimləri iribuynuzlu heyvanları dabaq əleyhinə peyvənd edirlər.

Samux rayonunda əvvəlki illərlə müqayisədə iribuynuzlu heyvanların baş sayı 2 min, xırda davarların baş sayı isə 5 min artıb. İndi rayonda 22 min baş iri buynuzlu mal-qara, 163 min baş xırda davar bəslənilir. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər hesabına yeni yaradılan Bozdağ Fermer Təsərrüfatı rayonda heyvandarlığın inkişafına geniş imkanlar açılıb. Hazırda Bozdağ fermer təsərrüfatında  Aqrolizinq yolu ilə gətirilən 2500 baş cins mal-qara bəslənilir. Samux Rayon Baytarlıq İdarəsinin əməkdaşları iri buynuzlu heyvanlardan qan nümunələri götürüb, qarayara və nodulyar dermatit virusuna qarşı peyvənd ediblər. Həmçinin vərəm əleyhinə müayinələr aparılıb. Hazırda isə dabaq əleyhinə tədbirlər davam edir.

Mürvət Bağırov- Samux rayon Baytarlıq İdarəsinin rəisi: “Hazırda dabaq əleyhinə peyvəndləmə aparırıq. 16 min baş mal-qara peyvənd edilib. May ayının sonuna qədər tədbirlər başa çatacaq”.

Həyata keçirilən tədbirlər nəticəsində rayonda iri və xırda buynuzlu heyvanlar arasında ciddi yolxucu xəstəliklər müşahidə olunmayıb və epizootik vəziyyət sabitdir.

Natiq Hüseyn