• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 28.04.2015 16:05

Gəncədə mağazadan oğurluq edilib

Nəticədə sahibkara 4 min manatdan artıq ziyan dəyib.

Bu gün gecə saat 03:00 radələrində Yeni Gəncə yaşayış massivində Əbdül bəy Mehmandarov küçəsində Vüsal Zeynalova məxsus ərzaq mağazasından oğurluq edilib. İki nəfərdən ibarət şəxs mağazanın arxasında pəncərədəki dəmir barmaqlıqları sındıraraq içəriyə daxil olub. Dükanda quraşdırılan müşahidə kamerasına həkk olunan oğurluq hadisəsində üzü maskalı şəxs əvvəlcə kassanın yanına gəlir və oradan 200 manat nəğd pulu götürür. Daha sonra naməlum şəxs piştaxtalardan müxtəlif adda siqaretləri, energetik içkiləri, kolbasaları və bir neçə qiymətli ərzaq məhsullarını sellofan torbaya dolduraraq gəldiyi pəncərədən onu orda gözləyən yoldaşına ötürüb. Səhər saatlarında dükanı açmağa gələn Vüsal Zeynalov içərinin dağınıq olduğunu və piştaxtalardan malların oğurlandığını görüb. Sahibkar dərhal Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verib. Ərazidə araşdırma aparan polis əməkdaşları kimliyi hələ ki, istintaqa məlum olmayan oğruların axtarışlarını davam etdirir. Dükan sahibi oğurluq nəticəsində ona 4 min manatdan artıq ziyanın dəydiyini bildirib. Faktla bağlı araşdırma aparılır.