• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 980
— 27.04.2015 18:00

Külli miqdarda narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Azərbaycan  Dövlət Sərhəd Xidməti  tərəfindən ümumilikdə 11,4 kiloqrama yaxın narkotik vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrup tərəfindən, külli miqdarda narkotik maddə olan 1 kq 920 qram heroinin və 3 kq 260 qram marixuananın Azərbaycana gətirilməsinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələblərinə tabe olmayan sərhəd pozucularına qarşı sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində İran İslam Respublikası vətəndaşı olan sərhəd pozucusu Mehdi Ağaməhəmmədi yaralanıb. Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.

Həmçinin DSX-nın hərbi qulluqçuları sərhədboyu zonada həyata keçirdikləri rejim tədbirləri çərçivəsində həmin kəndin ərazisində 1 ədəd bağlamada külli miqdarda narkotik maddə olan 1 kq marixuana, 1 kq 500 qram tiryək və 1105 ədəd dərman preparatları aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupların digər üzvləri İmişli rayon Bəhrəmtəpə kənd sakini Bakir Abdullayev Masallı rayon sakinləri Vüqar Mansurov və Murad Əliyev müəyyənləşdirilərək istintaqa cəlb olunub. Qeyd olunan faktlarla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi başlayıb. Saxlanmış cinayətkar dəstənin üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin cinayət işləri üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

Beyləqan rayonunun Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları Xeyrulla Məsrufi və Əsgər Mahmudi külli miqdarda narkotik maddə olan 710 qram marixuananı, 1 kq 990 qram tiryəki və 1 kq 10 qram həşişi Azərbaycan ərazisinə keçirərkən yaxalanıblar. Sərhəd pozucularının üzərinə baxış keçirərkən 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb.