• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1227
— 27.04.2015 14:16

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirinə yekun vurulub (Yenilənib)

10 gün ərzində Azərbaycanı dünyanın şahmat mərkəzinə çevirən yarışın son günü 9-cu tur və bağlanış mərasimi ilə yadda qalıb. Sonuncu turda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov ingilis Maykl Adamsla üz-üzə gəlib. Günün ilk bitən mübarizəsində tərəflər yarım xalla kifayətlənib. Rauf Məmmədov isə norveçli Maqnus Karlsenlə 4 saatlıq görüşdə dünya çempionuna uduzub. Bu tur hindistanlı Vişvanatan Anand Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda heç-heçə qeydə alınıb. Aniş Giri - Vladimir Kramnik, Maksim Vaşye-Laqrav - Uesli So qarşılaşmalarında da qalib müəyyənləşməyib. Beləliklə, beynəlxalq turnirin qalibi 7 xal toplayan məğlubedilməz Maqnus Karlsen olub. O, 9 oyunun 5-də qalib gəlib, qalan 4 oyunda isə heç-heçə edib. Bu Karlsenin yarışda ardıcıl ikinci qələbəsidir. Turnirdə Anand 2-ci və So 3-cü yeri tutub. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov 4 xalla 5-ci 6-cı, Rauf Məmmədov isə 3.5 xalla 7-ci 10-cu yerləri bölüşdürüb. Mübarizələrin ardından bağlanış mərasimi keçirilib. Tədbir bədii hissə ilə başlayıb. Daha sonra mərhum Vüqar Həşimovun atası Qasım Həşimov çıxış edərək yarışın yüksək səviyyədə təşkil edildiyini və bu turnirin Vüqara böyük dəyər verildiyinin daha bir sübutu olduğunu deyib. Digər natiqlər Şahmat Federasiyanın Vitse-Prezidenti Mahir Məmmədov və yarışın təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov ölkəmizdə bu cür turnirlərin keçirilməsinin ənənəvi hal aldığını və bunun nəticəsində Azərbaycanın dünyada şahmat ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Ardından yarışın baş hakimi Faiq Həsənov nəticələri elan edib və superturnirin qalibi Maqnus Karlsenə kubok təqdim olunub.

Turnir mübarizələrdən kənar bir sıra tədbirlərlə də əlamətdar olub. İsitrahət gününü yaddaqalan etmək üçün Şəmkir Olimpiya kompleksində mini-futbol üzrə yarış keçirilib. Həmçinin yarışın iştirakçıları, Şəmkir şahmat mərkəzində yeniyetmə şahmatçılara seans da keçib.

Builki yarış ötən illə müqayisədə daha titullu - 1 dünya və 2 sabiq dünya çempionu, eyni zamanda reytinq siyahısında ön sıralarda qərarlaşan şahmatçıların iştirakı ilə fərqlənib.

Vişvanatan Anand- sabiq dünya çempionu: "İlk dəfə idi ki, bu turnirdə iştirak edirdim. Təşkilatçılıq olduqca yüksək səviyyədəydi. Azərbaycana gəldiyim üçün çox şadam. Burada yaradılan şərait olduqca xoşuma gəldi. Heydər Əliyev Məkrəzində olan təşkilatçılığa və bizə göstərilən diqqətə söz ola bilməz. Bura gəlməzdən əvvəl düşünürdüm ki,  nəyə görə Vüqar Həşimovun xatirə turniri məhz Şəmkirdə keçirilir. Sonradan başa düşdüm ki, bunun səbəbi yarışı təşkil edən "Synergy Group"un Şəmkirdə bir çox layihələr həyata keçirməsidir. "Shamkir Chess" 2015 superturniri də bunlardan biridir."  

Sonda qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 avro təşkil edib. Şəmkir yarışı artıq indidən dünyanın ən nüfuzlu turnirlərindən olan Linares və Vey-Kan-zee-yə bərabər görülür. Dünya Şahmat ulduzlarının qatıldığı "Shamkir Chess 2015" beynəlxalq superturniri başa çatsa da yarışın gələn il də keçirilməsi gözlənilir. Növbəti il yarış təşkil olunarsa digər məşhur şahmatçıların da Şəmkirə gəlməsinə ehtimal böyükdür.

11:06 olan xəbər

Yarış 9 turun oyunları ilə başa çatıb. Sonuncu turda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov ingilis Maykl Adamsla üz-üzə gəlib. Tərəflər yarım xalla kifayətlənib. Rauf Məmmədov isə norveçli Maqnus Karlsenlə 4 saatlıq mübarizədə dünya çempionuna uduzub. Hindistanlı Vişvanatan Anand Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda heç-heçə qeydə alınıb. Aniş Giri - Vladimir Kramnik, Maksim Vaşye-Laqrav - Uesli So qarşılaşmalarında da qalib müəyyənləşməyib. Beləliklə, beynəlxalq turnirin qalibi 7 xal toplayan məğlubedilməz Maqnus Karlsen olub. O, 9 görüşün 5-də qalib gəlib, qalan 4 oyunda isə heç-heçə edib. Bu Karlsenin yarışda ardıcıl ikinci qələbəsidir. 

IX tur

Şəhriyar Məmmədyarov ( Azərbaycan, 2754) – Maykl Adams ( İngiltərə, 2746) - 0,5:0,5

Fabiano Karuana ( İtaliya, 2802) - Vişvanatan Anand ( Hindistan, 2791) -0,5:0,5

Maqnus Karlsen ( Norveç, 2863) – Rauf Məmmədov ( Azərbaycan, 2651) -1:0

Aniş Giri ( Hollandiya, 2790) – Vladimir Kramnik ( Rusiya, 2783) - 0,5:0,5 

Vaşye-Laqrav ( Fransa, 2762)- Uesli So ( ABŞ, 2788) - 0,5:0,5 

Turnir cədvəli: Karlsen - 7 xal, Anand - 6, So, Karuana -5, Məmmədyarov, Kramnik - 4, Vaşye-Laqrav, Adams, Məmmədov, Qiri  - 3,5 xal.

Orxan Cəfərzadə