• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 21.10.2019 19:47

Uşaqlarda allergik rinitin simptomları

KepezTV Player

Azərbaycanda allergiyanın ən geniş yayılan forması olan allergik rinit bronxial astmaya çevrildikdən sonra xəstələr həkimə müraciət edirlər. Burunun selikli qişasının allergik iltihabı olan bu xəstəlik zamanı xəstədə burun axma, burun tutulması, qaşınması və asqırmalar olur. Bu simptomlar 88 faiz bronxial astma xəstələrində də müşahidə edilir. Allergik rinit böyüklərdə nisbətən az, uşaqlarda daha cox müşahidə edilir.

Allergik rinit əsasən ilboyu və mövsümi müşahidə edilir. İl boyu davam edən xəstəlik məişət allergenlərinə - ev tozu, kitab tozu, məişət gənəcikləri, heyvanların, quşların epidermal allergenlərinə, kif göbələyinə, bəzi qidalara qarşı həssaslığı çox olan xəstələrdə əmələ gəlir. Mövsümi allergik rinit bitkilərin, otların, ağacların tozcuqlarına, bəzi göbələklərə qarşı əmələ gəlir. Azərbaycanda daha çox ilboyu davam edən allergik rinitlərə rast gəlinir.

Allergik rinitlə tutulan uşaqlar burun tənəffüsü çətin, gecə yuxusuz, gündüzləri yorğun, əzgin, yaddaşı zəif olurlar. Çox zaman allergik rinit olan uşaqların ya atasında, ya anasında, ya da yaxın qohumlarında allergik rinit, bronxal astma xəstəliyi olur.

Allergik rinit bronxial astma xəstəliyi üçün çox yüksək risk yaradır. Ancaq vaxtında qoyulan diaqnoz və aparılan müalicələr sayəsində bu xəstəlik tamamilə aradan qalxır. Bununla övladınızı astma kimi ciddi bir xəstəlikdən qorumuş olursunuz.

Astma uşaqlarda ən çox rast gəlinən xroniki tənəffüs yolu xəstəliklərindən biridir.

Allergiyadan qorunmaq üçün allergenlərə qarşı həssaslıq yaradan amilləri aradan qaldırmaq, maşın qazı, siqaret tüstüsündən uzaq durmaq, vaxtında müayinə olunmaq, simptomatik və patogenetik müalicə aparmaq lazımdır.