Bu günə xəbərlərin oxunma sayı: 1322
— 17.09.2014 04:00

Ölkədə yağıntıların qeyri-bərabər paylanması bağçılığa ziyan vurub

Bağçılıq əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olub. Meyvəçilik Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmış sahələrindən sayılır. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr üzrə Şəki- Zaqatala, çəyirdəkli meyvələr üzrə Naxçıvan Muxtar Respublikası, quru subtropik meyvələr üzrə Kür-Araz, sitrus meyvələr üzrə Lənkəran, cənub bitkiləri üzrə Abşeron yarımadası ixtisaslaşıb. Lakin bu il əsasən də meyvələrin çiçək açdığı dövrdə havaların yağıntılı keçməsi məhsuldarlığa təsirsiz ötüşməyib. Mütəxəssislər belə qeyri- bərabər paylanan yağıntıların bağçılıqda bir sıra xəstəliklərə yol açacağını bildirirlər.
Son zamanlar müşahidə olunan əlverişsiz hava şəraiti- yağışların tez- tez yağması və qızmar günəşin çıxması kənd təsərrüfatında, xüsusi ilə meyvəçilikdə və üzümçülükdə müxtəlif zərərverici və xəstəliklərin inkişafına şərait yaradır. Meyvə bağlarında sorucu zərərvericilərin artmasına səbəb olur ki, bu da bitkilərdə fotosintez prossesini pozur və bitkilərin normal inkişafına əngəllər yaradır. Belə ki, yağmurlu havalar meyvə bağlarında müxtəlif növ mənəlilərin, gənələrin, yastıcaların və fır gənələrin artmasına səbəb olur.


Kazım Hüseynov -Azərbaycan elmi tədqiqat bitki mühafizə institutunun nəzəri və tətbiqi entomologiya şöbəsinin müdiri: "Havaların yağmurlu keçməsi həm də ölkəmiz üçün xarakterik olan meyvəyeyənlərin inkişafına şərait yaradır. Digər tərəfdən üzüm bağlarında üzüm salxım yarpaqbükəninin, bağ hörümçək gənəsinin və üzüm fır gənəsinin inkişafı üçün əlverişli şərait yaradır. Bir tərəfdən havaların yağmurlu keçməsi mübarizə tədbirlərinin aparılmasını çətinləşdirir". 
Əgər mübarizə tədbirləri aparılmazsa, bağlarda mütəmadi müşahidələr aparılmazsa, bu məhsulun 50-60 faizinin itirilməsinə səbəb ola bilər.
Kazım Hüseynov -Azərbaycan elmi tədqiqat bitki mühafizə institutunun nəzəri və tətbiqi entomologiya şöbəsinin müdiri: "Belə qeyri əlverişli hava şəraitində təkcə kimyəvi mübarizə ilə kifayətlənmək olmaz. Xüsusilə bağlarda üzüm plantasiyalarında aqrotexniki tədbirlərin aparılmasına xüsusi fikir verilməlidir. Məsələn, havaların son vaxtlar küləkli keçməsi ağaclarda yarğaqların zədələnməsinə səbəb olub. Ona görə də zədələnən budaqların və ya yarpaqların o cümlədən də üzüm bağlarında zədələnən zoğların sahədən kənarlaşdırılması vacib şərtlərdən biridir".
Bu cür zədələnən yarpaq və yaxud da zoğlar xəstəliklərin və zərərvericilərin inkişafı üçün əlverişli substrata çevrilə bilər. Bu məqamda ən uyğun yol aqrotexniki tədbirlərə üstünlük verilməsidir. Yağış fürsət verən kimi yaranan kiçik fasilələrdə mütəxəssis, müxtəlif zərərverici və xəstəliklərə qarşı kimyəvi pestisidlərdən xüsusilə sistem təsirə malik pestisidlərdən istifadə etməyin məqsədəuyğun olduğunu bildirir.

Aidə Ramızqızı