• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 24.04.2015 16:01

Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsin məhkəmə prosesi yekunlaşıb

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 7 nəfəri qətlə yetirməkdə və 2 nəfəri yaralamaqda təqsirli bilinən şəxsə dövlət ittihamçısı ömürlük həbs cəzası istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Zabil Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda dövlət ittihamçısı Rafiq Hüseynovun  törətdiyi amansız ağır cinayətin motivini və maddələrini səsləndirib. İclasın gedişində müdafiə tərəfi və zərərçəkənlər dindirilib. Bir neçə dəqiqəlik fasiləyə ayrılan hakimlər  Azərbaycan Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham olunan Rafiq Hüseynovun cəzasını elan ediblər.

Zabil Qasımov- Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi: "Hüseynov Rafiq Müzəffər oğluna ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzası həbsxanada çəkilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Rafiq Hüseynova təyin olunan cəza 1 oktyabr 2014-cü ildən hesablansın. İş üzrə ekspertizanın, təhqiqatların dəyərini təşkil edən 292 manat 60 qəpik pul Rafiq Hüseynovdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm verildiyi andan Rafiq Hüseynov 20 gün ərzində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verə bilər. Hökmdən şikayət və protest verilməzsə hökm qüvvəyə minir. Beləliklə, məhkəmə iclasını bağlı elan edirəm".

Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib, 2 nəfəri isə odlu silahla yaralayıb.

Xaliq Qurbanlı