• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3282
— 24.04.2015 14:06

Gədəbəydə yazlıq kartof əkini davam edir

Respublikanın əsas kartofçuluq rayonu kimi tanınan Gədəbəydə mart ayından başlayaraq kartof əkininə start verilib. Ötən il sahələrdən bol məhsul götürülməsinin bu il kartof əkininə olan marağı daha da artıracağı gözlənilir.

Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, son illər Gədəbəydə kartof əkininə maraq daha da artmaqdadır. Rayonda hər il əkilən sahələrin ərazisi genişlənir. Ötən il rayonda 12202 hektar ərazidə kartof əkini aparılıb, həmin  sahələrdən ümumilikdə 142763 ton məhsul əldə edilib. Bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

Mart ayından başlayaraq rayonda yazlıq əkin üçün kartof səpininə başlanılıb. Artıq bu günə qədər 500 hektardan artıq əraziyə kartof səpini həyata keçirilib.

Səpin işləri qarşıdakı günlərdə də davam etdiriləcək. Ümumilikdə bu il rayonda 12 min 300 hektar ərazidə kartof əkilməsi planlaşdırılır ki, bu da  ötən illə müqayisədə təxminən 100 hektar çoxdur. Fermerlər bildirirlər ki, əkin işlərinin vaxtında yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur.

Firudin Məmmədov- fermer: “Bu gün artıq kartof səpini başlanılıb. Eləcə də digər bitkilərin səpinləri həyat keçirilir. Əkinçilikdə heç bir problemimiz yoxdur. Bütün lazımi texnikalarla təmin olunmuşuq, gübrələr vaxtlı-vaxtında  verilir. Bu da dövlətin bizə göstərdiyi qayğıdır. Və bu qayğı nəticəsində əkin işləri hər il daha da artır. Yəqin ki, bu il əkilən sahələr ötən ildən 100 hektarlarla çox olacaq”.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə rayonda istehsal olunan məhsulların saxlanılması üçün  ümumi tutumu 10 min ton olan tərəvəzsaxlama anbarı inşa edilərək istehsalçıların istifadəsinə verilib.

Elton Cabbarlı